Son 24 saat ərzində İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK, İran Silahlı Qüvvələrinin elit bölməsi) ilə koordinasiyalı şəkildə Hörmüz boğazından iyirmi altı kommersiya gəmisi keçib.
Bizimyol.info xəbər verir ki, bu barədə İİKK Hərbi Dəniz Qüvvələri məlumat verib.
"Son 24 saat ərzində neft tankerləri, konteyner gəmiləri və digər kommersiya gəmiləri də daxil olmaqla 26 gəmi İslam İnqilabı Keşikçiləri Korpusu ilə koordinasiyalı və onun təhlükəsizliyi altında Hörmüz boğazından keçib", - deyə İİKK-nın açıqlamasında bildirilir.
28 fevralda ABŞ və İsrail İrana qarşı müharibəyə başlayıblar. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri vurulub. İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə hücum edərək genişmiqyaslı cavab əməliyyatı elan edib. Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hərbi obyektləri də vurulub. İran hakimiyyəti həmçinin Hörmüz boğazını ABŞ, İsrail və İslam Respublikasına qarşı təcavüzü dəstəkləyən ölkələrlə əlaqəli gəmilər üçün bağlamaq qərarına gəlib.
Bizimyol.info






