Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan ən çox su stresi yaşayan ölkələr sırasında yerini qoruyur
Azərbaycan ən çox su stresi yaşayan ölkələr sırasında yerini qoruyur

Azərbaycanın su qıtlığı təhlükəsi ilə üz-üzə qaldığı yeni xəbər deyil. Beynəlxalq institutlar bununla bağlı bir neçə araşdırma ortaya qoyub. Ölkənin kənd təsərrüfatı funksionerləri də problemi gizlətmir. Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Azərbaycanın bu istiqamətdə narahatlıq yaşayan ölkələrdən biri olduğunu deyib. Onun sözlərinə görə, 2050-ci ilə qədər susuzluqdan əziyyət çəkən 35 ölkə arasında olacağıq.

Bizimyol.info xəbər verir ki, Beynəlxalq Resurslar İnstitutu (WRI) Azərbaycanı çoxdan xüsusi siyahıya salıb. Bizim ölkə 2013-cü ildən su stresi yaşayan dövlətlərin siyahısında yerini qoruyur. 2022-ci ildən bəri Azərbaycanın şirin su ehtiyatları 24 faiz azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanın su ehtiyatları Cənubi Qafqazda ümumi payın təxminən 15 faizini təşkil edir.

Azərbaycan hər il yerli və transsərhəd mənbələrdən formalaşan bərpaolunan şirin su ehtiyatlarının təxminən 53 faizə qədərini istehlak edir. Mövcud su ehtiyatlarının əsas hissəsi qonşu ölkələrdə formalaşdığından, transsərhəd asılılıq səviyyəsi yüksəkdir.

Əlbəttə, Azərbaycandan daha çətin vəziyyətdə olan ölkələr var. Beynəlxalq Resurslar İnstitutu 17 ölkəni xüsusi fərqləndirir. Məsələn, Somali, Əfqanıstan, Nepal şirin su ehtiyatlarının 98 faizini birbaşa kənd təsərrüfatına yönəltməli olur.

Su qıtlığının səbəbləri kimi quraq iqlim şəraiti, təbii su hövzələrinin azlığı, əhalinin sayının artması, məhz bu amilə görə kənd təsərrüfatı, sənaye ehtiyaclarının artması, su ehtiyatlarının düzgün idarə olunmaması və tullantı sularının təkrar emalının yetərsizliyi göstərilir. Burada Azərbaycana xas bir neçə xüsusiyyət diqqət çəkir. Su ehtiyatlarının düzgün idarə olunmasından söhbət gedə bilməz. Tullantı sularının təkrar emalı barədə hələ indi danışmağa başlamışıq.

Üstəlik, aqroparklarda və iri fermer təsərrüfatlarında su israfına yol verilir. Kür sahilində yaşayan sakinlər illərdir bu problemi məsul şəxslərə çatdırmağa çalışırlar. Kənd təsərrüfatında inhisar həm də su ehtiyatlarına ağır zərbə vurur. Gələcəkdə ciddi su qıtlığı yaşamaq istəmiriksə, bu problemə lazımi əhəmiyyət verməliyik.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »