ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı açıq məktubla bağlı fikirlərini açıqlayıb.
Bizimyol.info xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı danışıb.
Tramp iki ölkə liderinin şəxsi görüşü ideyasını dəstəklədiyini bildirib və belə bir görüş ehtimalının onu sevindirdiyini vurğulayıb. “Zelenski və Putinin danışıqlar üçün görüşməsi çox gözəl olardı”, – deyə Ağ Ev rəhbəri bildirib.
Bununla yanaşı, Tramp qeyd edib ki, “onların hər ikisi çox yaxşı insanlardır”.
ABŞ prezidenti həmçinin vurğulayıb ki, Amerikanın hərbi yardımı olmasaydı, Ukrayna indiyədək müqavimət göstərə bilməzdi. “Bizim hərbçilərimiz və texnikamız olmasaydı, Ukrayna bu gün mübarizəni davam etdirə bilməzdi. Mənim onlara verdiyim texnika olmasaydı, Ukrayna bir-iki gün belə dayana bilməzdi”, – deyə Tramp bildirib.
O əlavə edib ki, münaqişənin həlli üçün həm Ukrayna, həm də Rusiyanın qarşılıqlı güzəştlərə getməsini gözləyir.
“Mən bu güzəştləri təklif etmişəm və bilirsiniz, bunun üçün xeyli səy göstərmişik. Hər iki tərəfin müəyyən kompromislərə gedəcəyini düşünürəm və hesab edirəm ki, onlar bunu edəcəklər”, – deyə Tramp bildirib.
Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Putinə ünvanladığı açıq məktubda onunla şəxsi görüş keçirməyi təklif etmiş və görüşün baş tuta biləcəyi bir sıra ölkələrin adını çəkmişdi. Buna cavab olaraq Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, əgər Zelenski Putinlə görüşmək istəyirsə, Moskvaya gələ bilər.
Peskov həmçinin qeyd edib ki, Kreml Zelenskinin açıq məktubundan xəbərdardır, lakin sənəd barədə Putinə “daha sonra məlumat veriləcək”.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa isə bildirib ki, Zelenskinin məktubu diplomatik kanallarla Putinə çatdırılacaq. Onun sözlərinə görə, sənəddə müharibənin dayandırılması və Ukrayna ilə Rusiya arasında sülhün əldə olunması üçün konkret təkliflər yer alıb. Sibiqa əlavə edib ki, Kiyev Moskvanın bu təşəbbüslərə konkret cavab verəcəyinə ümid edir.
Nazir vurğulayıb ki, “bu müharibəni başa çatdırmaq və sülhü seçmək vaxtıdır”.
Qadir, Bizimyol.info






