Ali Məhkəmə etibarsız nikahın sonradan etibarlı hesab olunması ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
Bizimyol.info xəbər verir ki, bu işdə iddiaçı onun atası ilə cavabdeh arasında 1976-cı il aprelin 3-də bağlanmış nikahın etibarsız sayılmasını tələb edib. O bildirib ki, atası həmin vaxt onun anası ilə artıq nikahda olub. Onun anası ilə nikah 15 sentyabr 1974-cü ildə bağlanmışdı və həmin dövrdə də hələ qüvvədə idi.
İddiaçının valideynlərinin nikahı yalnız 19 iyun 2004-cü ildə pozulub.
Birinci instansiya məhkəməsi bu iddianı təmin edib.
Apellyasiya instansiyası isə bu qərarı ləğv edib və onun iddiasını rədd edib. Məhkəmə qərarında qeyd edib ki, həmin dövrdə qüvvədə olan Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinə əsasən, nikahın bağlanmasına mane olan hal sonradan aradan qalxarsa, məhkəmə həmin nikahı etibarlı hesab edə bilər.
Yəni apellyasiya məhkəməsi hesab edib ki, iddiaçının valideynlərinin nikahı 2004-cü ildə pozulduqdan sonra mübahisələndirilən nikahın qarşısındakı hüquqi maneə aradan qalxıb. Buna görə də onun atası ilə cavabdeh arasında 1976-cı ildə bağlanmış nikah etibarlı hala gəlib.
Məhkəmə həmçinin vurğulayıb ki, həmin nikahın etibarsız sayılması uşaqların hüquqlarına, o cümlədən vərəsəlik hüququna təsir etmir.
Ali Məhkəmə də bu mövqe ilə razılaşıb və iddiaçının kassasiya şikayətini təmin etməyərək apellyasiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Aytən, Bizimyol.info






