ABŞ İsraili əmin edib ki, İranla aparılacaq danışıqlar zamanı iki ölkənin ortaq məqsədlərinə sadiq qalacaq.
Bizimyol.info xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunin bəyanatına istinadən "The Times of Israel" nəşri məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, ABŞ qarşıdakı danışıqlarda İsrail və regiondakı müttəfiqlərlə bölüşdüyü hədəflərə sadiqliyini təsdiqləyib. Eyni zamanda İsrail ABŞ Prezidenti Donald Trampın İrana qarşı zərbələri iki həftəlik dayandırmaq qərarını dəstəkləyir.
“İsrail prezident Trampın İrana qarşı zərbələri iki həftə müddətinə dayandırmaq qərarını dəstəkləyir. Bu, İranın Hörmüz boğazını dərhal açması və ABŞ, İsrail və region ölkələrinə qarşı bütün hücumları dayandırması şərti ilə mümkündür”, – deyə Netanyahu bildirib.
O əlavə edib ki, İsrail ABŞ-ın “İran təhdidinin” neytrallaşdırılmasına yönəlmiş səylərini də yüksək qiymətləndirir.
“İsrail həmçinin ABŞ-ın İranın artıq Amerika, İsrail, qonşu ərəb ölkələri və bütövlükdə dünya üçün nüvə, raket və terror təhlükəsi yaratmamasına yönəlmiş addımlarını dəstəkləyir”, – deyə İsrailin baş naziri vurğulayıb.
Qadir, Bizimyol.info






