Aleksey Navalnının Cənubi Amerika qurbağasından əldə edilən “epibatadin” adlı toksinlə zəhərlənməsi iddialarını Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qərbin təbliğat kampaniyası adlandırıb. O bildirib ki, maddələrin formulları və test nəticələri tam açıqlanmadan hər hansı rəsmi cavabdan danışmaq tezdir. Daha əvvəl isə Böyük Britaniya, Almaniya, Niderland, İsveç və Fransa mütəxəssisləri Navalnının qalıqları üzərində aparılan araşdırmada ölümcül toksin izləri aşkar etdiklərini bəyan etmişdilər.
- Bu qarşılıqlı ittihamlar Rusiya–Qərb münasibətlərini daha hansı mərhələyə daşıya bilər?
Politoloq Zeynal Əmrəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Navalnı Qərb tərəfindən ciddi şəkildə dəstəklənən bir siyasətçi idi və faktiki olaraq Rusiya müxalifətinin əsas lideri hesab olunurdu: “Bu, bir faktdır. Ümumiyyətlə, sistemin ən böyük düşmən idi. Məsələn; 2015-ci ildə öldürülən Boris Nemsov haqqında o sözləri demək mümkün deyildi. Çünki Boris Nemsov hazırkı sistemin yetirməsi idi. Rusiyada baş nazirin müavini vəzifəsində işləmişdi. Vaxtilə Boris Yeltsinin komandasında təmsil olunmuşdu. Putinlə siyasi müttəfiq olmuşdu. Ancaq Navalnı, ümumilikdə sistemin düşməni idi və buna görə də onun bu şəkildə dəhşətli şəkildə öldürülməsi istər-istəməz Qərb-Rusiya arasındakı münasibətlərin gərginləşməsinə gətirib çıxarır. Onun toksik maddə ilə, yoxsa məhz bu demək Cənubi Amerika qurbağasından əldə edilməsifaktı uzun müddətdir ki, müzakirə mövzusudur. Əslində, onun hansı maddə ilə öldürülməsində əhəmiyyəti yoxdur. Fakt budur ki, bu insan zəhərlənərək aradan götürülüb və bu iki tərəf arasında qalmaqala səbəb olub. Rusiya hakimiyyəti iddia edir ki, bu, əslində Qərbin oyunudur. Qərb bunu edərək, Rusiyanın üstünə atıb ki, bu məsələdə rəsmi Moskvanın üzərinə gəlsin. Qərb tərəfi isə deyir ki, bu, Rusiyadakı indiki rejimin əsas demək problemlərindən biridir. Yəni öz düşmənlərini məhz bu cür aradan götürür”.
Zeynal ƏmrəliyevZeynal Əmrəliyev qeyd edib ki, əslində Qərbin dediyində həqiqət var, çünki analoji hadisələr Rusiyada dəfələrlə təkrarlanıb: “Məsələn, Çeçen savaşı ilə bağlı tənqidi yazıların müəllifi olan məşhur araşdırmaçı-jurnalist Anna Politkovskayanın, Aleksandr Litvinenko, Boris Nemtsovun qətli… Litvinenkonun necə öldürüldüyünün "şahidiyik. O da xaricdə zəhərlənərək öldürülmüşdü. Faktlar onu deməyə əsas verir ki, Rusiyanın belə bir təcrübəsi var. Bəli, Navalni də bu cür üsullarla öldürülüb və bu, Rusiya ilə Qərb arasında qarşılıqlı ittihamlara söykənən münasibətləri özündə ehtiva edəcək”.
Politoloq bildirib ki, Ukrayna müharibəsindən sonra Qərb və Rusiya arasında anlaşma mümkün olacaq: “Avropanın enerji təhlükəsizliyi ciddi şəkildə problemdir və açıq şəkildə Rusiyadan asılılığı var. Avropa Rusiyanın hesabına ucuz enerji resursları əldə edir. Buna görə də, Avropa ilə Rusiya müəyyən məsələlərdə razılaşmağa məcbur qalacaq”.
İradə Cəlil, Bizimyol.info






