Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqı sədrinin keçmiş müavini, Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının sabiq direktoru Raya Nəcəfova haqqında dələduzluq ittihamı ilə çıxarılmış hökmdən həm özü, həm də zərərçəkmişlər narazı qalıb.
3 il 6 ay şərti cəza alan Raya Nəcəfova apellyasiya şikayəti verərək, onun haqqında bəraət hökmü çıxarılmasını istəyib. Zərərçəkmişlər isə onlara dəymiş ziyanın ödənilmədiyini, bunun müqabilində Raya Nəcəfovaya çox yüngül cəza verildiyini əsas gətirərək, onun cəzasının ağırlaşdırılmasını tələb edirdilər. Lakin apellyasiya məhkəməsi də onların şikayətlərini təmin etmədi və Yasamal Rayon Məhkəməsinin hökmü qüvvədə saxlandı.
Raya Nəcəfova apellyasiya məhkəməsinin qərarından da Ali Məhkəməyə kassasiya şikayəti vermişdi.
Bizimyol.info xəbər verir ki, fevralın 11-də Ali Məhkəmədə Raya Nəcəfovanın şikayətinə baxılıb. Hakim Teyyub Muxtarovun sədrliyilə keçirilən məhkəmə prosesində məlum olub ki, Raya Nəcəfovanın işi üzrə kassasiya şikayətinin geri götürülməsi barədə Ali Məhkəməyə ərizə göndərilib. Ərizəni nəzərə alaraq, hakimlər işə baxılmasına xitam verib.
Qeyd edək ki, son dövrlərdə haqqında cinayət işi başlanana qədər Elm və Təhsil Nazirliyinin tabeliyindəki Neft-Kimya Prosesləri İnstitutunda baş elmi işçisi vəzifəsində də çalışmış kimyaçı alim Raya Nəcəfova 11 nəfərə qarşı dələduzluqda ittiham olunur. Onun haqqında Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham hökmü çıxarılıb.
Zərərçəkmişlər bildirirlər ki, Raya Nəcəfova onlardan pulu əsasən, müxtəlif dövlət orqanlarına işə düzəltmək adı ilə alıb. Lakin nə işə düzəldib, nə də pulu geri qaytarıb.
Yasamal Rayon Məhkəməsində proses gedən müddətdə də zərərçəkmişlər pullarının qaytarılmasını tələb ediblər. Lakin onlara dəymiş ziyan ödənilməyib.
“Biz şikayətçiyik, ziyan ödənilmədiyi halda, faktiki bu adam cəzasız qaldı”, - deyə zərərçəkmişlər apellyasiya məhkəməsində bildirib.
Onlar hesab edir ki, Raya Nəcəfova qohumlarının sayəsində həbs olunmadı.
Qeyd edək ki, Raya Nəcəfova Konstitusiya Məhkəməsinin hakimi, əvvəllər Baş prokurorun birinci müavini olmuş İsa Nəcəfovun bacısı, həmçinin Azərbaycan Karate Federasiyasının prezidenti, deputat Ülvi Quliyevin qudasıdır.
Aytən, Bizimyol.info






