“İran güclü Azərbaycandan narahatdır. Bu gün fars milli ideologiyasının elə dairələrə sızmasını biz müşahidə edə bilərik ki, bu Azərbaycanın gələcəyi üçün olduqca ciddi təhlükə yarada bilər. Azərbaycan daxilində bir çox məqamlara, bir çox yerlərə sızma siyasəti İranda hər zaman olub. Bu siyasət zaman-zaman müvəffəqiyyətlə həyata keçirilib, zaman-zaman bu vəziyyətlərin qarşısı aidiyyəti qurumlar tərəfindən alınıb. İranın narahatlığına səbəb regionda baş verən son hadisələrdir. İran rəsmiləri düşünür ki, İsrail-ABŞ koalisiyası tərəfindən İrana qarşı aparılması ehtimal olunan müharibədə Azərbaycan bu iki ölkənin yanında yer alacaq. Amma Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “biz heç bir halda biz öz hava məkanımızı İran əleyhinə istifadə etməyə imkan verməyəcək” deyə açıqlama verdi”.
Bu barədə Bizimyol.info xəbər portalına siyasi şərhçi Rufiz Hafizoğlu danışıb. Siyasi şərhçi bildirib ki, Azərbaycan rəsmilərinin bəyanatları olmasına baxmayaraq, İran Azərbaycana güvənmir. Şərhçinin fikrincə, Azərbaycan bu məsələdə olduqca şəffaf münasibət göstərib: “Azərbaycanın enerji siyasəti və hərbi siyasəti hər zaman şəffaf olub. Biz ərazilərimizdə digər ölkələrin qüvvələrinin yerləşdirilməsinin qəti əleyhinə olmuşuq və heç bir halda öz ərazimizdə digər ölkənin bazalarının yerləşdirilməsinə icazə verməmişik.
Bundan sonra da bu siyasət bu cür davam edəcək. Bu, olduqca müsbət tendensiyadır”.
Rufiz Hafizoğlu“İranda belə deyil. Çünki İran Azərbaycanı hər zaman "arxa baxça"sı kimi görür. İran Azərbaycan əleyhinə propaqanda etməklə düşünür ki, Azərbaycanı yenə İranın kölgəsində saxlaya biləcək. Bu gün Azərbaycan heç bir dövlətin kölgəsində deyil. Nə İranın, nə Rusiyanın, nə Türkiyənin, nə də Birləşmiş Ştatların. Azərbaycanın öz maraqları var”-deyə Rufiz Hafizoğlu qeyd edib.
İradə Cəlil, Bizimyol.info






