Gürcüstanın baş naziri İrakli Kobaxidze Avropa İttifaqında mövcud problemlərə baxmayaraq, avrointeqrasiyanın ölkənin strateji məqsədi olaraq qaldığını bildirib. Kobaxidze qeyd edib ki, Aİ daxilində demokratiya, insan haqları, söz və media azadlığı kimi əsas dəyərlər tədricən dəyərsizləşir. Baş nazirin fikrincə, bu mənfi tendensiya hazırda da davam edir və ciddi narahatlıq doğurur. Buna baxmayaraq, Gürcüstan Avropa ilə inteqrasiya kursundan geri çəkilmək niyyətində deyil.
Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son 10 ildir, bəlkə də İvanişvili hakimiyyətə gəldiyi müddətdən sonra Gürcüstan, baxmayaraq ki, ərazilər Rusiya tərəfindən işğal olunub, amma Rusiyaya qarşı əks mövqedə deyil.
Samir Hümbətov“Post-Saakaşvili dövründən başlayaraq Gürcüstanın Rusiya ilə bağlı məsələsi tamam fərqlidir. Yəni düzdür, “altılıq” platformaya qoşulmadı. Bildirildi ki, ərazilər Rusiya tərəfindən işğal altındadır.
Amma bununla paralel olaraq, Rusiyaya zərbə vuracaq, Rusiyaya tərs olacaq hər hansı bir hərəkət etmir. Hətta NATO və Avropa İttifaqı ilə münasibətlər də Rusiyanın maraqlarına zərbə vurmadan həyata keçirilir.
Burada ABŞ məsələsi deyil. ABŞ ilə münasibətlərdə öz mövqeyini aşağı-yuxarı qoruyub saxlayır. Amma çox da dərinə getmir. ABŞ-nin əsas istəyi Azərbaycan və Ermənistanla münasibətləri yüksək səviyyədə saxlamaqdır”-deyən politoloq hesab edir ki, indiki halda biz Gürcüstanın bu hərəkətini bəlkə də Rusiyanın təzyiqlərinə, Rusiya ilə münasibətlərin pozulmasından ehtiyat edərək atıla bilən addım kimi düşünə bilərik.
Politoloqun fikrincə, Gürcüstandakı mövcud vəziyyəti Avropa İttifaqı qəbul etmək istəmir: “Avropa İttifaqı istəyir ki, Gürcüstanı öz istiqamətinə döndərsin. Bu da hələ ki, mümkün deyil. Çünki indiki hökumət buna imkan vermir. İndiki Kobaxidze hökümətinin atdığı addımlar Avropa İttifaqının "Gürcüstan siyasəti"nin əksinədir. Yəni Avropa İttifaqı istədiyi Gürcüstanı görə bilir. Gürcüstanda vəziyyət bir az fərqlidir və burada daha çox Rusiyanın maraqlarının olduğu hiss olunmaqdadır”.
İradə Cəlil, Bizimyol.info






