Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məhkəmə zalından azadlığa - Həkim səhlənkarlığında cəzanın qısa ömrü
Məhkəmə zalından azadlığa - Həkim səhlənkarlığında cəzanın qısa ömrü

Azərbaycanda həkim səhlənkarlığının qurbanına çevrilən insanların sayı az deyil. Son illərdə müxtəlif tibb müəssisələrində baş verən hadisələr, ölüm və ağır fəsadlarla nəticələnən tibbi müdaxilələr cəmiyyətin narahatlığını daha da artırıb. Xüsusilə bu kimi hadisələr ictimailəşdikdən sonra müəyyən tibbi personalın məsuliyyətə cəlb edilməsi ilk baxışdan ədalətin təmin olunduğu təəssüratı yaratsa da, çox vaxt proseslərin sonrakı mərhələsi bu yanaşmaya kölgə salır.

Maraqlı və düşündürücü məqam ondan ibarətdir ki, məsuliyyətə cəlb edilən bəzi həkimlərin cəzası uzun sürmür. Məhkəmə qərarlarının yumşaldılması, amnistiya aktlarının tətbiqi, yaxud digər hüquqi mexanizmlər nəticəsində onların azadlığa buraxılması cəmiyyətdə "cəzasızlıq mühiti" formalaşdığı barədə müzakirələrə səbəb olur.

Bu kontekstdə geniş müzakirələrə səbəb olan hadisələrdən biri Bakıda burun əməliyyatından sonra komaya düşən və dünyasını dəyişən Nəzrin Mansurlunun işi olub. Həmin iş üzrə həbs edilən lor-cərrah Sənan Mehdiyev barəsində Bakı Apellyasiya Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə Amnistiya aktının tətbiq edilməsi qərara alınıb və o, məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edilməlidir ki, mətbuatda yayılan məlumatlara görə, bu həkimin adı bundan əvvəl də oxşar hadisə ilə əlaqəli hallandırılıb.

Bu kimi qərarlar ictimai müzakirələrə səbəb olur və bir neçə mühüm sualı gündəmə gətirir. Tibb sahəsində məsuliyyət mexanizmləri nə dərəcədə effektivdir? Həkim səhlənkarlığına görə məsuliyyət sistemində sərtlikmi, yoxsa humanistlikmi daha ön planda olmalıdır?

Bu suallar artıq təkcə hüquqi məsələ deyil, həm də sosial, etik və psixoloji problem kimi qiymətləndirilir.

Ekspertlər hesab edir ki, məsələ yalnız cəza verməkdə deyil, səhvlərin baş verməməsi üçün şərait yaratmaqda olmalıdır.

Həkim səhlənkarlığı nəticəsində həyatını itirən və ya sağlamlığından olan insanların taleyi yalnız bir xəbər başlığı kimi qalmalı deyil. Bu hadisələr cəmiyyətin etimadına birbaşa təsir göstərir.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »