Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Latın Amerikasında vəziyyət "ruscadır": Somozadan Maduroya qədər
Latın Amerikasında vəziyyət "ruscadır": Somozadan Maduroya qədər

Dünya Latın Amerikasında baş verənləri - ABŞ-ın Venesuelaya müdaxiləsini diqqətlə izləyir. Elə məşhur Amerikalı yazıçının - Uilyam Folknerin ifadəsi ilə desək, hamı "ibtidai heyrət" içindədir. Söhbət Venesuela prezidentinin həbs edilərək, ABŞ-aparılmasından gedir.

Amma Dünya ikiyə bölünüb; yarısı ABŞ-ın hərəkətinə hiddətlə, yarısı rəğbətlə yanaşır.

Əslində sanki qeyri-adi bir şey də baş verməyib; bu, Amerika tarixində, eləcə də, Dünya tarixində birinci belə hadisə deyil. Ancaq ümumilikdə tarixin gedişini müəyyənləşdirən hadisələrdir.

Bəli, əsas narrativ Nikolas Maduronun diktatorluğudur; varlı ölkədə xalq, sadə dillə desək, acından ölür. Venesuela 303 milyard barrel təsdiqlənmiş neft ehtiyatı ilə dünyada liderdir, ancaq ölkədəki rifah səviyyəsi üzrə autsayderlər sırasındadır. Öz neftini ixrac edə bilmir. Hasilat getdikcə azalır. Böhran dərinləşir. Bu ölkənin ayağı yer tutan vətəndaşları baş götürü qaçır.

Hara?!

Təbii ki, yaxınlıqdakı ABŞ-a. Prezident Donald Tramp isə antimiqrant şüarlarla hakimiyyətə qayıdıb və buna görə də miqrant axınının qarşısını nəinki öz sərhədlərində, hətta sərhədlərindən kənarda dayandırmağa çalışır. Bu, birinci formal səbəb. İkinci formal səbəb isə budur ki, Venesuelanın ABŞ-a çoxlu borcu var, amma ödəmə qabiliyyəti yoxdur. ABŞ Venesuelanın neftinə və başqa sərvətlərə "çöküb", ona olan borcu "diriltmək" istəyir. Prezident Tramp elan elədi: Amerikanın neft şirkətləri Venesuelaya gedəcək, orda milyardlar xərcləyəcək, neft hasilatından, satışından pay alacaq və Venesuela da qazanıb, ABŞ-ın borclarını ödəyəcək. Bu qədər sadə!

Üçüncüsü, burada Rusiya və Çin amili var. Tarixdən sizə yaxşı məlum olan "Karib böhranı" nın təkrarlanması risqi yaranıb. Rusiyanın Venesuelada qoşun yerləşdirmək niyyəti ABŞ-ın təhlükəsiliyini təhdid edirsə, Çinin bu Latın Amerikası ölkəsinə sərmayələrlə gəlməsi Vaşinqtonun iqtisadi maraqlarını zərbə altına alır. Hələ bunun başqa geopolitik nəticələroni demirik. Bundan əvvəl Tramp Çini Panama kanalından sıxışdırdı. Rusiyanı Arktikadan sıxışdırır. Bunlar davam edir. Deməli, ABŞ Venesuelada Çin və Rusiya kimi rəqiblərinin möhkəmlənməsini istəmir. Əksinə bu rəqib gücləri təkcə Venesueladan yox, bütövlükdə Amerika materikindən qovmağa çalışır. Ona görə Kolumbiyanı və başqalarını da hədələyir. Ona görə Braziliya başda olmaqla Cənubi Amerika dövlətləri ABŞ-ın Venesuelaya hərbi müdaxiləsini pisləyir. Ən əsası, ona görə Çin və Rusiya Maduronun sərbəst buraxılmasını tələb edir. Bir sözlə, Venesuela hazırda ABŞ-la Çin-Rusiya tandemi arasında "soyuq müharibə" nin növbəti qaynar nöqtələrindən birinə çevrilib.

Bu, əlbəttə ki, sadəcə, Venesuela məsələsi deyil, hamının məsələsidir. Bəli, dediyim kimi, Trampın bu əməliyyatına rəğbətlə yanaşanlar da var: bunu ədalətin bərpası kimi qəbul və təqdim edirlər. Ancaq biz adil dünya istəyiriksə, heç kim heç kimlə qoçu dilində danışmalı deyil; nə rəhbər öz xalqı ilə, nə də kənar güc o rəhbərlə. Maduronun diktatorluğu mübahisə doğurmur. Mübahisə doğuran bir suveren dövlətin başçısının (hətta o başçı daxildə legitimliyini itirmiş olsa belə) gecə yatağından oğurlanması bütün beynəlxalq birgəyaşayış normalarını ayaq altına almaqdır. Bu, Dünyanı yaxşı yerə aparmır; o Dünyanı ki biz də onun bir parçasıyıq.

ABŞ-ın qonşuluğundakı ölkələr - Venesuela, Kuba və sair kimi dövlətlər dostu və müttəfiqi Rusiyanın və Çinin simasında axtarırsa, bu, təkcə onların öz günahı deyil, həm də o deməkdir ki, Vaşinqtonun Latın Amerikası ilə bağlı siyasəti doğru qurulmayıb. Elə Qafqaz siyasəti kimi (örnəyin: Azərbaycan əleyhinə 907-ci düzəlişin hələ də ləöv edilməməsi).

ABŞ, məsələn, İraqa demokratiya "ixrac" etməzdən əvvəl burnunun ucundakı problemlərlə məşğul olmalı idi.

Sizcə, Maduro təkcə diktator olduğuna görə cəzalandırıldı? Yox. Ona qalsa, hazırda ABŞ-ın qucağında ev pişiyi kimi rahatca "xumarlanan" xeyli diktator var.

Maduro, sadəcə, "yad" diktator idi. Həm də öz ətrafının "keçi qiymətinə" satdığı diktator.

Yadınızda olar, ABŞ-ın 37-ci prezidenti Riçard Nikson vaxtilə Nikaraqua diktatoru Anastasio Somoza haqqında belə demişdi: "“He may be a son of a bitch, but he’s our son of a bitch.” Həmin cümlə Azərbaycan dilində bu formada populyarlaşlb: " Somoza köpəkoğludur, amma bizim köpəkoğludur".

Nikolas Maduro isə Çinin və Rusiyanın " köpəkoğlu"sudur; bu gün baş verənlərin də səbəbi budur.

Venesuela hadisələrinə hardan baxsaq, pis presedent kimi görünür. Doğrudur, bu, nə ilkdir, nə son. Amma yalnış örnəkdir. Pis nümunə isə həmişə yoluxucu olur. Ən pisi də budur ki, bizim bölgəmizdə də belə yoluxucu siyasi xəstəliklərə qarşı immuniteti zəif olan aqressor var...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info
Son xəbərlər
Bütün xəbərlər »