Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DS-də süni intellekt inqilabı: Fərdi müalicə dövrü başlayır
DS-də süni intellekt inqilabı: Fərdi müalicə dövrü başlayır

Süni intellektin köməyi ilə "DS" (dağınıq skleroz) xəstəliyinin iki yeni bioloji növünü müəyyən edən alimlər ümumi yanaşmalar əvəzinə hər bir xəstənin öz biologiyasına uyğun fərdiləşdirilmiş müalicələrin yolunu açıb.

Bizimyol.info xəbər verir ki, bu strateji addım xəstəliyin gedişini erkən mərhələdə proqnozlaşdırmağa, ən doğru müdaxiləni seçməyə və sinir zədələnməsinin qarşısını almağa yönəlib.

Bu günədək dünyada milyonlarla insanı təsir edən "DS" xəstəliyinin müalicəsi əsasən xəstədə müşahidə olunan xarici əlamətlərə əsaslanırdı. Lakin bu yanaşma hər zaman gözlənilən nəticəni vermirdi, çünki tətbiq edilən müalicələr bəzən xəstənin orqanizmində gedən əsas bioloji dəyişikliklərlə uyğun gəlmirdi. University College London (UCL) rəhbərliyi ilə aparılan və 600 xəstəni əhatə edən yeni tədqiqat ənənəvi üsulları geridə qoyaraq xəstəliyin mahiyyətinə enir.

Tədqiqatçılar sinir hüceyrələrindəki zədələnməni göstərən xüsusi bir protein – "sNfL" səviyyələrini qabaqcıl beyin görüntüləmə texnologiyaları ilə birləşdiriblər. "SuStaIn" adlı inkişaf etmiş süni intellekt modeli bu mürəkkəb məlumatları təhlil edərək xəstəliyin iki fərqli istiqamətdə inkişaf etdiyini müəyyənləşdirib. “Erkən mərhələdə protein artımı” adlandırılan birinci növdə sinir zədələnməsi xəstəliyin başlanğıcında sürətlə artır və beynin müəyyən sahələrində ciddi zərərlər yaranır. Bu isə xəstəliyin daha aqressiv keçəcəyini göstərir. İkinci növdə isə proses xeyli yavaş gedir: beyində struktur dəyişikliklər protein səviyyələri yüksəlməzdən çox əvvəl, səssiz şəkildə baş verir.

Bu kəşfin ən diqqətçəkən tərəfi ondan ibarətdir ki, həkimlər artıq hansı xəstənin hansı risklərlə üz-üzə olduğunu çox erkən mərhələdə görə biləcəklər. Süni intellekt sayəsində xəstənin hansı alt növə aid olduğu müəyyənləşdirildikdə, qalıcı zədələr yaranmamışdan əvvəl ən effektiv müalicə üsulu seçiləcək. Aqressiv növə malik xəstələrə dərhal ən güclü dərmanlar tətbiq olunacaq, daha yavaş gedişli növə sahib xəstələrə isə sinir hüceyrələrini qoruyan xüsusi terapiyalar təklif ediləcək.

Əsrlərdir dəyişməyən klinik müayinə üsullarını rəqəmsal inqilabla birləşdirən bu yenilik "DS" anlayışını da köklü şəkildə dəyişir. Artıq xəstələr yalnız şikayətlərinə görə deyil, hüceyrələrində baş verən real dəyişikliklərə əsasən müalicə alacaqlar. Alimlərin fikrincə, bu, sadəcə bir elmi kəşf deyil, "DS" ilə yaşayan milyonlarla insan üçün xəstəliyin qarşısının alına biləcəyi yeni və ümidverici dövrün başlanğıcıdır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »