Abşeronun qədim yaddaşını yaşadan Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin ərazisində yerləşən Qala qəsri ilk baxışdan nəhəng istehkam təsiri bağışlamaya bilər. Lakin bu sakit və təmkinli görünüşün arxasında əsrlərin sınağından çıxmış memarlıq düşüncəsi və dəqiq hesablanmış strateji plan dayanır. Dar və məhdud keçidlər təsadüfi deyil. Tarixi mənbələr və memarlıq xüsusiyyətləri onu deməyə əsas verir ki, bu ərazi keçmişdə regional ticarət yollarının, karvan marşrutlarının və uzaq səfərlərdən qayıdan yolçuların izlənildiyi mühüm nöqtələrdən biri olub.
Qala qəsri Abşeron yarımadasında formalaşmış ümumi müdafiə sisteminin ayrılmaz hissəsi kimi Mərdəkan, Ramana və Nardaran qalaları ilə eyni strateji xətt üzərində yerləşib. Bu qalalar birlikdə yarımadanın təhlükəsizliyini təmin edən vahid müdafiə şəbəkəsi yaradıb.
Muzey kompleksi ərazisində aparılan müşahidələr və arxeoloji tapıntılar Qala qəsrinin tarixinin orta əsrlərlə məhdudlaşmadığını göstərir. Ətraf ərazidə üzə çıxarılan kurqanlar, qayaüstü təsvirlər, daş qutu qəbirlər və yeraltı sərdabələr Qala kəndinin minilliklər boyu fasiləsiz yaşayış məkanı olduğunu sübut edir. Bu maddi-mədəni irs nümunələri bölgənin sosial həyatını, dini inanclarını və təsərrüfat ənənələrini bir növ daş yaddaşa çevirib.
Arxeoloji qazıntıların nəticələrinə görə, Qala ərazisində insan məskunlaşması hələ e.ə. IV–III minilliklərə gedib çıxır. Aşkarlanmış daş əmək alətləri, gil qab qalıqları, məişət ocaqları və ilkin yaşayış izləri bu məkanın Abşeron yarımadasının ən qədim yaşayış yerlərindən biri olduğunu təsdiqləyir.
Qala qəsrinin tarixində xüsusi yer tutan mərhələ XI–XIV əsrlərə təsadüf edir. Məhz bu dövrdə Abşeronda daxili istehkamlar sistemi geniş şəkildə inkişaf etmiş, Qala qəsri isə həmin sistemin əsas dayaq nöqtələrindən birinə çevrilmişdir. Qəsrin inşasında istifadə olunan iri ölçülü, dəqiq yonulmuş daşlar Abşeron memarlıq məktəbinin səciyyəvi cizgilərini daşıyır və bu günə qədər gəlib çatmasının əsas səbəblərindən biri hesab olunur.
İradə Cəlil, Bizimyol.info






