Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir müavini də dilə gəldi: buğda istehsalı yerində sayır, əkin sahələri də azalıb
Nazir müavini də dilə gəldi: buğda istehsalı yerində sayır, əkin sahələri də azalıb

Kənd təsərrüfatının ölkədəki dayandığı nöqtə narahatlıq doğurur. Bunu ölkə rəhbərliyi də xüsusi vurğulayır. Bir çox sahələrdə, o cümlədən buğda istehsalında yerində sayırıq. İstehsal artmır, əksinə, bu istiqamətdə azalma nəzərə çarpır. Əkin sahələrindən lazımınca istifadə olunmur. Bu ərazilərin azalması da ayrıca narahatlığa əsas verir.

Bizimyol.info xəbər verir ki, Azərbaycanda buğda istehsalı özünütəminetməni yalnız 55 faiz həyata keçirir. Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyevin açıqlaması bu məsələni bir daha gündəmə gətirib. O, narahat olduğu məqamları dilə gətirib. Zaur Əliyev hesab edir ki, daha çox məhsuldarlığın artırılması haqqında düşünməliyik.

2025-ci ildə ölkədə 1 milyon 609 min ton buğda istehsal olunub. Bu rəqəmi əvvəlki illərlə müqayisə edəndə azalma müşahidə edilir. Ayrı-ayrı dövrlərdə buğda istehsalı çox yüksək olub. Məsələn, iki il əvvəl istehsal 8 faiz çox idi. Ümumiyyətlə, son 6 ildə ölkədə buğda istehsalı 25,8 faiz azalıb. İndi isə 20 il əvvəlki göstəricilərə qayıtmışıq.

Əkin sahələrinin azalması duruma mənfi tərəfdən təsir göstərməyə bilməzdi. Təkcə 6 il əvvəl buğda əkin sahəsi az qala 700 min hektara çatırdı. Keçən il yalnız 546,3 min hektarda məhsul almağa çalışmışıq. Nazir müavini daha aşağı rəqəmlər səsləndirib. Onun sözlərinə görə, 400-450 min hektarda buğda əkilməsi mümkündür. Biz əkin sahələri azaldıqca necə böyük nəticələr əldə edə bilərik? Əlbəttə, məhsuldarlıq artmalıdır, amma bunun üçün münbit şərait də olmalıdır.

Məhsuldarlıq necə artırıla bilər? Burada suvarma sistemlərinin yenilənməsi, müasirləşdirilməsi vacib amillərdəndir. Nazir müavini də bu istiqamətdə danışıb. O, müasir suvarma yanaşması ilə özünütəminetməni 66 faizə çatdırmaq mümkün olduğunu deyib.

Çıxış yolu odur ki, əkin sahələrinin artırılmasına, suvarma sisteminin modernləşməsinə xüsusi diqqət yetirilsin. İnnovativ becərmə metodlarına müraciət edilməlidir. Ciddi addımlar atılmasa, məhsuldarlıq yenə aşağı olacaq.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »