Avropa İttifaqı (Aİ) İsraillə əldə olunmuş növbəti atəşkəsi dəstəkləmək məqsədilə Livan ordusuna 100 milyon avro ayıracağını açıqlayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas "X" sosial şəbəkəsində paylaşım edib.
“İsrail və Livan arasında mövcud atəşkəs genişmiqyaslı hərbi əməliyyatlara yenidən qayıdışın qarşısını almaq üçün bir imkan yaradır”, – deyə o bildirib.
Kallasın sözlərinə görə, şiə təşkilatı "Hizbullah"ın təsirini azaltmağın ən yaxşı yolu “Livan dövlətini gücləndirmək və onun institutlarını möhkəmləndirməkdir”.
“Bu səyləri dəstəkləmək üçün Avropa İttifaqı Livan Silahlı Qüvvələrinə əlavə 100 milyon avro ayrılması barədə qərar qəbul edib”, – deyə o vurğulayıb.
Bundan əvvəl "Hizbullah" sözügedən atəşkəsi “formal və qeyri-real” adlandıraraq onu qəbul etmədiyini bəyan etmişdi.
Qadir, Bizimyol.info






