Bu gün Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən şəhid olan jurnalistlər - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov əbədi xatirəyə qovuşmalarının beşinci ildönümüdür.
Bizimyol.info xatırladır ki, xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcərə ezam olunmuş bir qrup jurnalisti aparan "KamAZ" markalı sərnişin avtomobili 2021-ci il iyunun 4-də rayonun Susuzluq kəndində tank əleyhinə minaya düşüb.
Nəticədə çəkiliş qrupunun iki üzvü - S.Abışov və M.İbrahimov, habelə Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Arif Əliyev şəhid olub, daha dörd nəfər isə yaralanıb.
Qeyd edək ki, Məhərrəm Əli oğlu İbrahimov 1982-ci il aprelin 16-da Ermənistanın Krasnoselsk rayonunun (Göyçə mahalının Çəmbərək rayonu) Ardanış kəndində anadan olub. 2004-cü il sentyabrın 1-dən Azərbaycan Dövlət İnformasiya Agentliyində (indiki AZƏRTAC) işləməyə başlayıb. O, jurnalist fəaliyyəti boyunca daim hərbi reportyor kimi Azərbaycan Silahlı Qüvvələrinin həm cəbhə bölgəsindəki, həm də digər ərazilərindən reportajlar hazırlayaraq informasiya müharibəsində ön sıralarda olub.
M.İbrahimov iyunun 5-də Abşeron rayonu, Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda, valideynlərinin yanında dəfn edilib.
Ailəli idi, iki övladı var.
Ölümündən sonra M.İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Sirac Abışov 29 avqust 1989-cu il tarixində Qubadlı şəhərində anadan olub. 2019-cu ildən AzTV-də işləməyə başlayıb. Bir övladı olan S.Abışov Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub.
Ölümündən sonra S.Abışov Prezident İlham Əliyevin iyunun 14-də imzaladığı sərəncamla "3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
- 4 iyun 2021-ci il gününü necə xatırlayırsınız?
- Onlarla son danışığınız yadınızdadırmı?
Məhərrəm İbrahimov və Sirac Abışovla bağlı xatirələrini bölüşən Azərbaycan Dövlət Televiziyasının (AzTV) rejissoru Emin Məmmədov Bizimyol.info xəbər portalına bildirib ki, 31 may 2021-ci ildə Qubadlı rayonunun kənd və qəsəbələrini işıqlandırdıq: “Bizə məlumat verilmişdi ki, ayın 31-də Qubadlını, növbəti günlərdə isə Kəlbəcərin kənd və rayonlarını çəkəcəyik. Ayın 3-dək bizə verilən tapşırıqları yerinə yetirmişdik. 4 iyun tarixində isə Kəlbəcərin Susuzluq kəndini işıqlandırmalı idik. Ayın 3-də mərhum Sirac və Məhərrəmlə danışdıq ki, ayın 4-ü hansı kənd düşsə, çəkilişi bitirdikdən sonra İstisuya gedərik – həm çimərik, həm də paltarlarımızı yuyarıq.
Səhər ayın 4-ü oyandıq. Gördüm ki, Məhərrəm təzə paltarlarını geyinib. Ona dedim ki, axı biz çəkilişdən sonra İstisuya getməli idik. Dedi: “Bilmirəm qardaş, nəsə ürəyim istədi, əynimi dəyişdim.” Dedim, heç nə olmaz, yaxşı etmisən.
Siraca gəldikdə həmişə şən, zarafatcıl insan idi. Böyük-kiçik yerini bilən, hər kəslə mehriban davranan biri idi. Həmin gün isə nədənsə kefinin olmadığını hiss etdim. Soruşdum: “Hər şey qaydasındadır?” Dedi: “Hə, Emin, hər şey yaxşıdır.”
Aşağı düşdük. Etibarı “KamAZ”ı sürən sürücünü tapdı. Hal-əhval tutduq. Dedim ki, yarım saata çəkilişə çıxaq. Sürücü də razılaşdı. Sirac və Məhərrəmə dedim burda yaxınlıqdakı muzeyə baş çəkək. Getdik baxdıq və yarım saat sonra qayıtdıq.
Sürücüyə dedim ki, gedək. O isə bildirdi ki, maşın işə düşmür. Təəccübləndim və soruşdum: “Necə yəni işə düşmür? Axı gecədən yoxlamamısan?” Dedi ki, yoxlayıb, amma indi nəsə problem yaranıb. Soruşdum düzələcəkmi, dedi ustayla danışmalıdır. Mən də bu vaxt digər qrupa zəng etdim. Həmin qrupda operator İlyas və AZƏRTAC-ın fotoqrafı Rəşad var idi. Onlara dedim ki, bizim maşın hələ xarabdır, bəlkə bu gün çəkilişə çıxmadıq. Əgər düzəlsə, çıxacağıq. Xahiş etdim ki, öz maşınları ilə tək hərəkət etməsinlər. Onlar da razılaşdılar. Təxminən 15 dəqiqə sonra yenidən sürücünün yanına getdim. Maşını yoxladı və bu dəfə işə düşdü. Dərhal digər qrupa məlumat verdim ki, maşın düzəlib, hərbi hissənin yanında görüşək və birlikdə yola düşək. Hərbi hissənin yanına çatdıq. Biz artıq maşına əyləşmişdik – mən və Məhərrəm qabaqda, Sirac isə arxada oturdu. Digər qrupa zəng etdim ki, gəlib-gəlmədiklərini dəqiqləşdirim. Onlar bildirdilər ki, öz maşınlarını gözləyirlər və birlikdə, dal-qabaq hərəkət edək. Mən də dedim, necə məsləhətdirsə, elə edək”.
Emin Məmmədov deyir: “Biz öndə hərəkət etməyə başladıq. Yolun həmin istiqamətində polis bölməsi yerləşirdi və Susuzluq kəndinə gedən yol da məhz oradan keçirdi. Həmin yerə çatdıqda icra nümayəndələri də gəldilər. Onlarla görüşdük və soruşduq ki, ilk istiqamət hansı kənd olacaq. Bildirdilər ki, birinci istiqamət Susuzluq kəndidir.
Nümayəndələrlə də tanış olduq. Birinin adı Kamil idi, digəri icra nümayəndəsi Şöhrət. Rəhmətə gedən digər şəxsin adını isə xatırlamıram. Onlarla birlikdə 4-5 nəfər başqa nümayəndə də var idi. Bu vaxt polis əməkdaşı yaxınlaşdı. Dedim ki, filan istiqamətə getmək istəyirik. Polis bildirdi ki, hazırda həmin istiqamətdə təmir işləri aparılır, yuxarı yolla getməyimiz daha məqsədəuyğundur. Soruşdum ki, yuxarı yol yoxlanılıbmı, hər şey qaydasındadırmı? Dedi ki, heç bir problem yoxdur, narahatçılıq yoxdur, həmin yolla gedə bilərsiniz.
Həmin istiqamətdə hərəkət etdik. Balaca bir körpünün yanında saxladıq. Nümayəndə soruşdu ki, yolu tanıyan varmı? Dedik ki, biz ərazini tanımırıq. O dedi ki, mən tanıyıram. Məhərrəm də dedi ki, siz tanıyırsınızsa, müəllim, mən arxaya keçim, siz qabaqda əyləşin. Məhərrəm arxada oturdu.
Sirac həmin gün, baxmayaraq ki, adətən şən və zarafatcıl idi, fikirli görünürdü. Maşından düşmədi. Düşündüm ki, yəqin yorğundur.
Yolumuza davam etdik. Sağımda Kamil oturmuşdu, mən ortada əyləşmişdim. Digər nümayəndələr isə “KamAZ”ın arxa hissəsində, yük yerində əyləşmişdilər.
Kamil telefonu çıxarıb yolu çəkmək istəyirdi. Kənd təxminən 50 metr məsafədən görünürdü - perevaldan döndükdən sonra kənd seçilirdi. Bir müddət sonra mən çəkiliş etməyə başladım, amma fikrim daha çox yolda idi.
Yolda traktor və “Niva” avtomobilinin izlərini gördüm. Öz-özümə dedim ki, şükür, buradan maşınlar keçib. Perevalı qalxdıqdan sonra diqqətimi bir məqam çəkdi -sağ tərəfdən sol tərəfə doğru sanki kimsə əli ilə daşları yola yığmışdı. İçimdə bir şübhə yarandı.
Telefonu Kamilə verib dedim ki, sən çək, çünki fikrim yayınırdı. Həmin yerə çatmağa az qalmış gördüm ki, yolda ağ torpaq tökülüb. Elə bu anda maşın qəfil havaya qalxdı. Hər yer qaranlıq oldu, toz-torpaq bürüdü. Arxadan nəsə qopub töküldü.
Dedim ki, partladıq”.
Emin Məmmədov deyib ki, Siracın jileti və kamerası da oturacağın üstündə idi: “Maşın yerə düşdü. Özümə baxdım – əllərim, ayaqlarım sağ-salamat idi. Sürücü tərəfə döndüm. Oturacağın altından alov qalxmağa başlamışdı. Şok vəziyyətində qışqırdım: “Tez olun düşün, tullanın maşından!”
Sağ tərəfimdə Kamil birtəhər maşından düşdü. Qaçmaq istəyirdik ki, gördüm “KamAZ”ın altında bir nəfərin bədəninin yarısı qalıb. O qədər pis oldum ki. Kimsə qışqırırdı: “Mənə kömək edin, kömək edin!”
Dedim, kimsə sağdır. Qayıdıb Etibarı maşının altından çıxardıq və təxminən 10-15 metr kənara çəkdik.
Sonra dərhal soruşduq: “Bəs Sirac, Məhərrəm haradadır?”
Geri qaçdım. Gördüm ki, Siracın jileti oturacağın üstündə qalıb, kamerası da oturacağın üstündə idi. Bir anlıq sevindim ki, yəqin maşından düşə bilib.
Maşının qabaq hissəsinə keçdim. Orada icra nümayəndəsinin ağır xəsarət aldığını gördüm – adamın ayağı yox idi, başı qarpız kimi açılmışdı...
Məhərrəmi partlayış 15-20 metr kənara atmışdı. Vəziyyət çox ağır idi - ayaqları bir tərəfdə, bədəni başqa tərəfdə idi. Bu mənzərəni gördüm və qışqırmağa başladım: “Sirac! Sirac!” Amma ondan heç bir səs gəlmədi. O tərəfdən məni çağırırdılar ki, bura gəl, ola bilər başqa mina da basdırılıb. Bir az geri çəkilib maşın tərəfə qaçdım. Qaçarkən daha bir partlayış baş verdi və yerə yıxıldım. Öskürmək istədim, öskürdüm və gördüm ki, ağzımdan qan gəlir. Əlimi başıma çəkəndə gördüm ki, başım qan içindədir.
Bir az kənarda oturdum və öz-özümə dedim: “Orada ölmədin, indi burada öl.”
Sonra Kamilə baxdım. Gördüm başının üç yerindən yaralanıb, qan güclü şəkildə axırdı”.
Emin Məmmədov həmçinin vurğulayıb: “Müdafiə Nazirliyinə, AZTV-yə zəng etdim. Bildirdim ki, Sirac və Məhərrəm, həmçinin bir icra nümayəndəsi həlak olub. Kamil və mən yaralıyıq. Daha iki nəfər - sürücü Etibar və icra nümayəndəsi Şöhrət şok vəziyyətindədirlər, uzanıblar.
Məndən soruşurdular ki, hadisə necə baş verdi. Bu vaxt telefonun enerjisi də bitmək üzrə idi.
Digər qrupun “Niva” markalı avtomobili bizim arxamızca gəldi. Dedim ki, Şöhrəti maşına yerləşdirək. Hərbi polis əməkdaşı isə bildirdi ki, sizin də vəziyyətiniz yaxşı deyil, siz də maşına əyləşin. Məni də maşına mindirdilər.
Hərbi hissəyə çatana qədər artıq məlumat gəldi ki, Sirac da vəfat edib”.
Emin Məmmədov əlavə edib: “Hər ikisi vətənpərvər, vətənini sevən insanlar idi. Dəfələrlə olmuşdu ki, Siraca demişdim: “Yorulmusansa, səni əvəz edəcək başqa operator gətirək.” O isə cavab verirdi: “Yox, sən hara, mən də ora. Axıra qədər gedəcəyəm.”
Allah şəhidlərimizə rəhmət eləsin!
Gunel Həsənova, Bizimyol.info






