Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Starmer Maskı Böyük Britaniyada parçalanma yaratmağa cəhddə ittiham edib
Starmer Maskı Böyük Britaniyada parçalanma yaratmağa cəhddə ittiham edib

Böyük Britaniyanın baş naziri Keir Starmer milyarder Elon Muskı ölkənin daxili siyasətinə müdaxilə etməkdə və cəmiyyətdə parçalanma yaratmağa çalışmaqda ittiham edib.

Bizimyol.info xəbər verir ki, Starmerin sərt açıqlaması son həftələrdə Maskın "X" sosial şəbəkəsində Henry Novakın qətli ilə bağlı paylaşmlarından sonra səslənib. Baş nazir bildirib ki, həmin paylaşımların bir çoxunda ifrat sağçı ritorika və ideoloji tezislər yer alıb.

Starmer cümə axşamı Downing Street-də Henry Novakın ailəsi ilə görüşməli idi. Görüşdə Hampshire polisinin hərəkətləri müzakirə olunacaq. Belə ki, polis yeniyetmə tələbəni bıçaq xəsarətləri alaraq ölümcül vəziyyətdə olduğu vaxt saxlamışdı. Hücum edən şəxs isə əvvəlcə onu irqçi təhqirdə ittiham etmişdi.

Yorkşirdə çıxışı zamanı Starmer bildirib ki, Britaniya “kim olduğunu göstərməli” və “ağıllı, tolerant cəmiyyət” olduğunu qoruyub saxlamalıdır.

Baş nazir eyni zamanda Leyborist Partiyasından olan deputat Jess Asatonın Maskın süni intellekt şirkəti "xAI"yə qarşı qaldırdığı məhkəmə iddiasını dəstəklədiyini açıqlayıb. Asato bildirib ki, şirkətin "Grok" adlı aləti istifadəçilərdən birinə onun saxta seksual xarakterli görüntülərini hazırlamağa kömək edib.

Starmer qeyd edib ki, "Grok" vasitəsilə yaradılan görüntülər “iyrənc” xarakter daşıyırdı və hökumət bu cür materialların yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər görməyə hazırdır.

“Jess Asato tamamilə haqlıdır. Onunla bağlı "Grok" vasitəsilə iyrənc görüntülər hazırlanıb. Biz bir neçə ay əvvəl "Grok"a qarşı mövqe bildirdik, çünki məhz belə platformalara qarşı mübarizə aparmalıyıq”, – deyə baş nazir bildirib.

O əlavə edib ki, Mask son günlər Britaniya siyasətinə müdaxilə etməyə və cəmiyyətdə qarşıdurma yaratmağa çalışır: “Bu, Britaniyanın mahiyyəti deyil. Biz sakit, tolerant insanlarıq. Henry Novak hadisəsi kimi faciələr baş verəndə, ailəsinin etdiyi kimi, təmkinlə davranmalıyıq”, – deyə Starmer vurğulayıb.

Məlumata görə, Mask son həftələrdə paylaşmlarında Henry Novak hadisəsinin Böyük Britaniyada ağdərililərə qarşı qərəzin göstəricisi olduğunu iddia edib. "X" platformasında bəzi istifadəçilər isə hadisəyə müdaxilə edən Hampshire polisi əməkdaşlarının kimliyini yanlış şəkildə yayaraq onları hədəfə çeviriblər. Hətta keçmiş polis əməkdaşlarından birinin gizlənməyə məcbur olduğu bildirilir.

Böyük Britaniyanın media tənzimləyicisi "Ofcom" məsələ ilə bağlı dezinformasiyanın yayılmasını araşdırır. Baş nazirin nümayəndəsi hökumətin "X" platformasından istifadədən imtina etməyi planlaşdırmadığını bildirib.

Bu arada, Henry Novakın ölümü ilə bağlı Southampton şəhərində keçirilən aksiyalar zamanı vəziyyət gərginləşib. Polisə görə, ifrat sağçı qrupların da qatıldığı iğtişaşlarda 11 polis əməkdaşı və bir xidmət iti xəsarət alıb.

Paralel olaraq, Jess Asato Londonda Ali Məhkəməyə təqdim etdiyi iddiada "xAI" şirkətini şəxsi məlumatların qorunması və şəxsi həyatın toxunulmazlığı ilə bağlı qanunları pozmaqda ittiham edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »