Rusiyanın xarici işlər naziri Sergey Lavrov rəsmi Moskvanın guya danışıqlara hazır olduğunu bildirib, lakin Kiyevi dialoqa hazır olmamaqda ittiham edib.
Bizimyol.info xəbər verir ki, Lavrovun açıqlaması Rusiya təbliğat mediası tərəfindən yayılıb.
“Biz dəfələrlə bəyan etmişik ki, Ukrayna məsələsi üzrə danışıqlara hazırıq. Lakin qarşı tərəfdə dialoqa hazırlıq görmürük. Qarşı tərəfdə danışıq apara biləcəyimiz şəxsləri tapa bilmirik”, – deyə o bildirib.
Bundan əlavə, Lavrov ABŞ dövlət katibi Marko Rubionun Moskvanın Ukraynaya güzəştə getməyə hazır olmaması ilə bağlı fikirlərini “qəribə” adlandırıb.
“Hazırda Avropa İttifaqında deyirlər ki, biz vasitəçi deyilik, qəti şəkildə Ukraynanın tərəfindəyik. Bir neçə gün əvvəl Marko Rubionun Konqresdə çıxışı zamanı eyni sözləri deməsi məni təəccübləndirdi. O bildirdi ki, Ukraynadakı münaqişənin bu il başa çatmasını istərdi, amma tərəflərin, xüsusilə də Rusiyanın güzəştlərə hazır olmaması səbəbindən bu ehtimalı yüksək qiymətləndirmir”, – deyə Lavrov qeyd edib.
Lavrovun iddiasına görə, ötən ilin 15 avqustunda Ankoricdə keçirilən görüşdə Vladimir Putin ABŞ prezidenti Donald Trampın döyüş əməliyyatlarının dayandırılması və siyasi nizamlanmanın bütün aspektləri üzrə danışıqlara başlanılması ilə bağlı ilkin addımlarına dair təkliflərini qəbul edib.
Bundan əvvəl "Bloomberg" yazmışdı ki, Avropa ölkələri Rusiyanın qış hücumları başlamazdan əvvəl diplomatik prosesə start vermək üçün Putini danışıqlar masasına əyləşdirməyə çalışırlar.
Qadir, Bizimyol.info






