Son illər insanlar arasında vitamin qəbuluna həddindən artıq meyil formalaşıb. Xalq arasında belə bir fikir var ki, "vitamin nə qədər çox qəbul olunarsa, sağlamlıq bir o qədər güclənər". Apteklərdə vitaminlər demək olar ki, dərmandan çox satılır, hətta bir çoxları xəstəlikdən qorunmaq üçün gündəlik olaraq bir neçə növ vitamini nəzarətsiz şəkildə qəbul edir. Lakin bu inancın arxasında duran təfəkkür səhvdir və mütəxəssislər bildirirlər ki, vitaminlərin təsiri çox vaxt şişirdilir, zərərləri isə nəzərdən qaçırılır.
Vitaminlər orqanizm üçün vacib maddələr olsa da, onların əksəriyyəti artıq qəbul edildikdə faydadan çox zərər gətirir. Xüsusilə yağda həll olan vitaminlər A, D, E, K orqanizmdə toplanır və normadan artıq qəbul olunduqda toksiki təsir göstərə bilər. Məsələn, A vitamini çox qəbul edildikdə qaraciyərə zərər verir, həddindən artıq D vitamini isə böyrək daşları və damar sərtləşməsi kimi ciddi fəsadlara yol aça bilər. Buna baxmayaraq, insanlar “vitamindir də, nə ziyanı ola bilər?” düşüncəsi ilə əlavə preparatlara əl atmaqdan çəkinmir. Bu tendensiyanın yaranmasının bir neçə səbəbi var. Birincisi, vitaminlərin “təhlükəsiz” və “təbii” kimi təqdim edilməsi. Reklamlar insanları inandırır ki, vitamin artırmaq özünü gücləndirməyin ən asan yoludur. İkincisi, səhv informasiya bolluğu və həkim məsləhəti olmadan “özünə diaqnoz qoyma” mədəniyyəti vitamin asılılığını daha da artırır. Üçüncüsü isə psixoloji amildir. İnsanlar özlərini yaxşı hiss etməyəndə ilk çıxış yolunu dərhal əlavə tablet qəbulunda görürlər.
Halbuki araşdırmalar göstərir ki, əksər sağlam insanlar düzgün qidalanma ilə kifayət qədər vitamin və mineral alır. Hətta inkişaf etmiş ölkələrdə belə, həkimlər yalnız real çatışmazlıq və ya xüsusi xəstəlik olduqda vitamin preparatları yazırlar. ABŞ və Avropa səhiyyə qurumları bildirir ki, multivitaminlərin çoxu heç bir sağlamlıq faydası vermir, bəzi hallarda isə uzunmüddətli istifadəsi risk yaradır.
Xarici nümunələr göstərir ki, vitaminlər yalnız həkim tərəfindən təyin olunduqda, düzgün dozada və düzgün müddət ərzində faydalıdır.
Bizdə isə vitamin asılılığının yaranmasına sosial və psixoloji faktorlar da təsir edir. İnsanlar özlərini yorğun hiss etdikdə səbəbini yuxu rejimi, qidalanma, stres, fiziki aktivlik kimi əsas amillərdə deyil, vitamin çatışmazlığında görürlər. Halbuki yorğunluğun əksər halları həyat tərzi ilə bağlıdır və təkcə vitaminlərlə düzəlmir. Bu yanaşma, nəticədə, həm təsirsiz, həm də potensial zərərli həddindən artıq qəbul ilə nəticələnir.
Vitamin preparatlarının zəruri olduğu hallar var, lakin onların hər gün, nəzarətsiz və səbəbsiz qəbul edilməsi sağlamlıq üçün təhlükə yaradır. Vitamin asılılığının qarşısını almağın əsas yolu düzgün informasiya, həkim məsləhəti və sağlam həyat tərzinin önə çəkilməsidir. Orqanizmə lazım olandan artıq qəbul edilən hər bir maddə, istər vitamin, istər mineral, istərsə də təbii əlavələr olsun balansı pozduqda faydadan çox zərər gətirə bilər.
Sağlamlıq tabletdə deyil, həyat tərzində başlayır.
Leyla Mirzə, Bizimyol.info






