Bu il gözlənilən artım tempi nəzərə alındıqda, 2022-2025-ci illər üzrə qeyri-neft-qaz sektorunda ÜDM-in orta illik artımı strateji sənədlərdə müəyyən edilmiş hədəfi üstələyir. "Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında bildirib. Onun sözlərinə görə, 2022-2025-ci illər ərzində qeyri-neft-qaz ÜDM-nin orta illik artımının 6,1 % olacağı gözlənilir: "Ümumi daxili məhsulun artımının tamamilə qeyri-neft-qaz sektorunun hesabına formalaşması, iqtisadiyyatın şaxələndirilməsi və özəl sektorun gücləndirilməsi baxımından mühüm nailiyyətdir. Bu tendensiya ölkənin iqtisadi sabitliyinin daha da möhkəmlənməsinə və uzunmüddətli dayanıqlı inkişafın təmin olunmasına xidmət edir". Nazir müavini vurğulayıb ki, hazırda iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş fəaliyyət ardıcıl şəkildə davam edir və bu siyasətin nəticələri yaxın illərdə iqtisadi artım göstəricilərində daha aydın hiss olunacaq.
- Qeyri-neft-qaz sektorunda ÜDM-in orta illik artımı 6.1% olaraq proqnozlaşdırılır. Bu göstəricinin ölkənin iqtisadi şaxələndirilməsi və uzunmüddətli dayanıqlı inkişafına təsiri barədə fikirləriniz nədir?
- Bu artımı daha da artırmaq üçün hansı addımlar atılmalıdır?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, ümumi daxili məhsul (ÜDM) göstəricisinə görə də Azərbaycan hazırda həm Gürcüstan, həm də Ermənistandan geri qalır.
Xalid Kərimli“Nazir müavininin qeyd etdiyi 2022-2025-ci illəri əhatə edən dövr artıq proqnoz mərhələsini keçib və baş verən hadisələr fakt kimi qiymətləndirilməlidir. Bu müddət ərzində Azərbaycanda qeyri-neft sektoruna əsaslanan iqtisadi artım proqnozları həm Gürcüstan, həm də Ermənistanla müqayisədə geri qalır. Bu isə onu göstərir ki, qeyri-neft sektorunun inkişafı hələ də istənilən səviyyədə təmin olunmayıb.
Daha diqqətçəkən məqam isə ondan ibarətdir ki, adambaşına düşən ümumi daxili məhsul (ÜDM) göstəricisinə görə də Azərbaycan hazırda həm Gürcüstan, həm də Ermənistandan geri qalır. Əgər biz bu ölkələri əvvəllər əhəmiyyətli dərəcədə qabaqlamış olsaydıq və indi artım tempimiz aşağı düşsəydi, bu müəyyən qədər başadüşülən olardı. Lakin reallıq ondan ibarətdir ki, Gürcüstanın adambaşına düşən ÜDM-si artıq bu gün bizdən yüksəkdir və mövcud tendensiyalara əsasən, yaxın illərdə bu fərq daha da arta bilər.
Bu səbəbdən hesab edirəm ki, qeyri-neft sektorunda iqtisadi artım ölkənin iqtisadi və sosial vəziyyətini yaxşılaşdırmaq üçün hələlik kifayət etmir. Mövcud problemlərin aradan qaldırılması və davamlı inkişafın təmin olunması üçün islahatların ardıcıl və sistemli şəkildə davam etdirilməsi zəruridir”.
Günel Həsənova, Bizimyol.info






