2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan vətəndaşlarının xaricə turizm məqsədilə səfərləri və bu səfərlərə çəkilən xərclər azalıb. Dövlət Statistika Komitəsinə görə, bu dövrdə turizm xərcləri 1 milyard 607,3 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 69,7 milyon manat və ya 4,2% azdır. Turistlərin sayı isə 1 milyon 1,2 min nəfər olub – 4% azalma. Ümumilikdə, xaricə səfər edənlərin sayı da 2,6% azalaraq 1 milyon 604,9 min nəfərə düşüb.
Xərclərin strukturu:
- Nəqliyyat: 577,4 milyon manat (dəyişməyib)
- Yerləşmə: 374,6 milyon manat (5,6% azalma)
- Qidalanma: 314 milyon manat (2,5% azalma)
- Mədəniyyət və istirahət: 4,9 milyon manat (29% azalma)
- Turizm zərfləri: 47,2 milyon manat (11,7% azalma)
Azərbaycan vətəndaşlarının xaricə turizm səfərlərinin və bu səfərlərə çəkilən xərclərin azalması hansı səbəblərlə izah oluna bilər? Bu, daxili turizmə marağın artması, yoxsa digər amillərlə bağlıdır?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında iqtisadçı alim, iqtisadi məsələlər üzrə ekspert Emin Qəribli bildirib ki, 9 ay ərzində azalmanın səbəbi çox ola bilər.
Emin Qəribli“Keçən il bildiyimiz kimi, COP29 və sair həm ölkəyə gələnlər, həm də ölkədən gedənlər də çox idi. Lakin keçən ilin sonundan bildiyiniz kimi, Rusiyanın müəyyən problemlərimiz baş verdi. Rusiyaya gedənlər halbuki çox idi. Qonşu ölkələrimizdən olan İrana hücumlar oldu. Ora da gedənlər çox idi. Ümumiyyətlə, digər qonşu ölkələrə diqqət yetirsək görərik ki, belə problemlər çox idi.
İkinci məsələni şəxsən müşahidə etmişəm. Pandemiyadan öncə və pandemiyadan sonra Avropanın hansısa şəhərinə gedirdim. Kəskin qiymət artımlarını müşahidə edirik. Eyni zamanda bu hal Gürcüstanda da mövcuddur. İllər ərzində Rusiyadan Gürcüstana axın baş verdiyi üçün bu ölkədə də qiymətlər artıb. 5 il bundan öncə Avropadakı getdiyim restoranın qiyməti artıq xeyli artıb. Təbii ki, insanlar da bu zaman daha çox yerli bazara üstünlük verirlər. Düşünürəm ki, burada səbəb daha çox inflyasiyanın səbəbidir. Və inflyasiyanın səbəbi ancaq bizdə deyil, bütün dünyadadır”-deyə Emin Qəribli qeyd edib.
Günel Həsənova, Bizimyol.info






