Alimlər görmə qabiliyyətində ciddi problemləri olan insanlara ümid verən yenilikçi bir göz implantı təqdim ediblər.
Bizimyol.info xəbər verir ki, bu texnologiya vizual məlumatları beynin qəbul edə biləcəyi elektrik siqnallarına çevirərək görməni qismən bərpa etməyə imkan verir.
Sistem xüsusi eynəyə yerləşdirilmiş kameradan ibarətdir. Kamera ətrafı görüntüləyir və görüntünü simsiz şəkildə gözün içinə yerləşdirilmiş implant cihazına ötürür. İmplant isə bu görüntünü elektrik siqnallarına çevirərək beyinə göndərir. Beyin bu siqnalları vizual informasiya kimi qəbul edir.
Klinik sınaqlar zamanı yaşa bağlı torlu qişa degenerasiyasından əziyyət çəkən pasiyentlərin 80%-dən çoxunda görmədə əhəmiyyətli yaxşılaşma müşahidə olunub. Hətta bəzi iştirakçılar adi mətnləri oxuya biliblər ki, bu da əvvəllər mümkünsüz sayılırdı.
“Tədqiqat tarixində ilk dəfədir ki, bu qədər çox sayda pasiyentdə görməni bərpa etmək cəhdi bu qədər uğurlu nəticə verir,” – deyə tədqiqatçılardan biri bildirib.
Layihə ABŞ-ın "Science Corporation" adlı şirkəti tərəfindən maliyyələşdirilib. Şirkət artıq bu texnologiyanın ABŞ və Avropada klinik istifadəsi üçün rəsmi icazə almaq məqsədilə müraciət edib.
Qadir, Bizimyol.info






