Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan və Qazaxıstan arasındakı siyasi və iqtisadi əlaqələrin qlobal səviyyədə "yüksəliş" dövrü
Azərbaycan və Qazaxıstan arasındakı siyasi və iqtisadi əlaqələrin qlobal səviyyədə "yüksəliş" dövrü

Azərbaycan-Qazaxıstan münasibətləri ortaq tarixi və mədəni köklər üzərində qurulub, eyni zamanda prezidentlərin şəxsi dostluq münasibətləri üzərində günü-gündən inkişaf etməkdədir. Son illər dövlət başçılarımızın müntəzəm şəkildə həyata keçirdikləri qarşılıqlı rəsmi və işgüzar səfərləri ölkələrimiz arası münasibətlərdə yeni horizontallar açmışdır.

Azərbaycan-Qazaxıstan arasında imzalanmış strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə və 170-dən çox sənəd ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsi üçün hüquqi baza yaratmışdır. Təbii ki, siyasi münasibətlərin dərinləşməsinin təməlində iqtisadi münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Qazaxıstan yerləşdikləri coğrafiyadan çox səmərəli istifadə edərək bir yerdə Orta dəhilizi inkişaf etdirməklə, Asiya ilə Avropa arasında körpü yarada bilmişdir. Bu dəhliz bizim ölkələrimiz arasında ticari yüklərin çatdırılmasında mühüm rol oynamqla yanaşı, həm də tranzit potensialını artırmışdır. Belə ki, 2024-cü ildə Transxəzər Beynəlxalq Nəqliyyat marşrutu üzrə yükdaşımaların həcmi 62 % artaraq 4,5 milyon tona çatması, bu marşrut üzərində Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyədən olan 20-dən çox logistik və liman operatorun birləşməsi daşımaları daha sürətli edərək, sərf olunan vaxtı 38 gündən 19 günə endirmişdir.

Azərbaycanın yaratdığı yeni reallıqların aktuallaşdırdığı Zəngəzur dəhlizi Orta dəhlizin seqmenti olaraq beynəlxalq yükdaşımlarda daha böyük nailiyyətlərin əldə olunmasına yol açacaq. Zəngəzur dəhlizi reallaşandan sonra Orta dəhlizin uzunluğu daha 600-700 km azaltmaqla, daşıma xərclərin 10-15 % azalmasına zəmin yaradacaq. Bu da Çindən Avropa ölkələrinə qədər Orta dəhliz boyu yerləşən ölkələrin beynəlxalq yükdaşımalarda marağını artıracaq.

Orta dəhliz ancaq yüklərin daşınması ilə kifayətlənmir. Belə ki, 2026-cı ilin sonunda tikintisinin yekunlaşdırılmasına hədəflənmiş Xəzər dənizinin dibi vasitəsilə çəkilən rəqəmsal dəhliz və Azərbaycan, Qazaxıstan və Özbəkistanıəmn enerji şəbəkəsini birləşdirməklə ərsəyə gələcək "yaşıl enerji" dəhlizi ölkələrimizin əməkdaşlığında yeni səhifə açacaq. Azərbaycan və Qazaxıstan həm də beynəlxalq yaşıl enerji və rəqəmsal dəhlizləri vasitəsilə, regional və qlobal əməkdaşlığın dərinləşməsinə yeni üfüqlər açır.

Qazaxıstan Azərbaycan ərazisndən BTC vasitəsilə ildə 1,5 milyon ton nefti ixrac edir. Amma Azərbaycan 2027-ci ilə qədər illik tranzit həcmini 7 milyon tona çatdırmağı hədəfləmişdir. Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi günü-gündən artmaqdadır. Qazaxıstan Mərkəzi Asiyada Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Belə ki, 2024-cü ildə 470 milyon dollar təşkil etdiyi halda bu ilin 8 ayında isə bu rəqəm artaraq 547 milyon dollara çatmışdır. 2024-cü ildə Azərbaycandan Qazaxıstandan 450 min tondan çox taxıl idxal etmişdir. Ölkələrimiz Qafqaz və Türkiyə bazarlarında kənd təsərrüfatı məhsullarının emalı və paylanması üzrə birgə mərkəzlərin yaradılmasını planlaşdırır.

Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı investisyaların artması iqtisadi inteqrasiyasımızı sürətləndirir. Belə ki, Azərbaycanda Qazaxıstan kapitalı ilə 250-dən çox müəssisə qeydiyyatdan keçmişdir. Ölkələrimiz arasında yaradılmış birgə İnvestisya Fondu 300 milyon dollar nizamnamə kapitalı ilə qarşılıqlı investisya mühitini genişləndirir. Azərbaycan Qazaxıstan iqtisadiyyatına 225 milyon dollar, Qazaxıstan isə Azərbaycan iqtisadiyyatına 136 milyon dollar investisya yatırmışdır.

Azərbaycanla Qazaxıstan arasında yaradılmış hökumətlərarası komissiyasının uğurlu əməkdaşlığı və birgə biznes forumların keçirilməsi ölkələrimiz arasında yeni əməkdaşlıq potensialının üzə çıxarılması və  dərinləşməsinə töhfə verir.

Qazaxıstan işğaldan azad olunmuş ərazilərimizdə keçirilən yenidənqurma və bərpa işlərinə də qardaş hədiyyəsini etmişdir. Belə ki, Füzulidə inşa olunaraq istifadəyə verilmiş Kurmankazı adına Uşaq İncəsənət Mərkəzi Azərbaycan və Qazaxıstanın dostluq mərkəzi olmuşdur. Burda təhsil alan 100-dən çox şagird Qazaxıstanın tarixi və mədəniyyətini, birgə köklərimizi öyrənir və xalqlarımızn daha da yaxınlaşmasına töhfə verir.

Ümumiyyətlə deyə bilərik ki, Azərbaycan və Qazaxıstan qardaş və dost ölkələr olaraq ikitərəfli və çoxtərfli əməkdaşlığı genişləndirməklə, beynəlxalq platformalarda eyni mövqedən çıxış edir. Əlaqələrimizin genişlənməsi və vahid mövqedən çıxış etməyimiz qlobal imicimizin möhkəmlənməsinə töhfə verir.

Azər Badamov Azər Badamov

Azər Badamov

İqtisadi siyasət və sahibkarlıq komitəsinin sədr müavini

Son xəbərlər
Bütün xəbərlər »