Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın dondurulmuş aktivlərindən Tehrana 3 milyard dollar köçürüldüyü barədə yayılan məlumatları qəti şəkildə təkzib edib.
Bizimyol.info xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, bəzi beynəlxalq media orqanlarında yer alan bu iddialar həqiqətə uyğun deyil və heç bir etibarlı faktla təsdiqlənmir. Qeyd olunub ki, İrana məxsus dondurulmuş aktivlər nə blokdan çıxarılıb, nə də BƏƏ vasitəsilə hər hansı maliyyə vəsaiti köçürülüb.
Nazirliyin bəyanatında vurğulanıb ki, “BƏƏ İrana 3 milyard dollar da daxil olmaqla hər hansı vəsaitin köçürülməsi barədə yayılan xəbərləri qəti şəkildə rədd edir”.
Bundan əvvəl bəzi xarici media orqanları, o cümlədən "Reuters" agentliyi mənbələrə istinadən BƏƏ-nin İrana ümumilikdə 10–20 milyard dollar həcmində dondurulmuş vəsaitin açılmasına razılaşdığını və bunun bir hissəsi kimi 3 milyard dollar köçürüldüyünü iddia etmişdi. Həmin məlumatlarda bu addımın İranın BƏƏ-yə qarşı hücumlarını dayandırmaqla bağlı gizli razılaşmalar çərçivəsində atıldığı bildirilirdi.
Lakin BƏƏ rəsmiləri bu iddiaları əsassız adlandıraraq ölkənin İranla maliyyə əməliyyatları ilə bağlı yayılan məlumatların reallığı əks etdirmədiyini bir daha qeyd ediblər.
Bizimyol.info






