Şimali Kipr Türk Cümhuriyyətində oktyabrın 19-u bazar günü keçiriləcək prezident seçkilərinin ilk turunda səs verəcək seçicilərin sayı 218 min 313 nəfər olaraq açıqlanıb. Hazırkı prezident Ersin Tatar seçkinin birinci turunda müstəqil namizəd kimi, ana müxalifətdə olan Cümhuriyyət Türkiyə Partiyasının (CTP) sədri Tufan Erhürman isə partiyasının namizədi kimi qeydə alınıb. Prezident seçkilərinin ilk turunda Hüseyn Gürlek, Mehmet Hasgüler, Arif Salih Kırdağ, Ahmet Boran və İbrahim Yazıcı müstəqil, Osman Zorba isə Kipr Sosialist Partiyasının namizədi kimi iştirak edəcək.
Seçkiyə sayılı günlər qalıb, səkkiz prezidentliyə namizədin təbliğat-təşviqat kampaniyası aparılır. Kipr türk xalqı 1974-cü il Sülh Əməliyyatından sonra 20 iyun 1976-cı ildə öz dövləti altında ilk prezident seçkilərini keçirib. Kipr türkləri 44 il ərzində iki dəfə Kipr Türk Federativ Dövlətinin Prezidentliyinə, səkkiz dəfə ŞKTC prezidentliyinə səs veriblər. ŞKTC xalqı 6-cı prezidentini seçmək üçün oktyabrın 19-da keçiriləcək prezident seçkilərində 9-cu dəfə seçkiyə gedəcək.
Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Kipr tarixinin çox hissəsində Türk adası olub.
Kərəm Qarabulud“1974-cü ildəki ən son hərbi əməliyyat sübut etdi ki, Kiprdə türk varlığı əbədi olacaq və qalmalıdır. Odur ki, oktyabrın 19-da keçiriləcək seçkidə kim qalib gəlsə, Kiprin türk adası olması və bu adanın Türkiyənin ayrılmaz hissəsi olması faktını dəyişməyəcək. Diqqət kimin qazandığı və ya uduzduğu deyil, dünyanın gələcəkdə Kiprin varlığını qəbul etməsini və bəyənməsini təmin edəcək strategiyalara yönəlməlidir. “Annan” planı da nümayiş etdirdi ki, adada iki icmalı və inteqrasiya olunmuş dövlət qurmaq mümkün deyil. Ona görə də qalib gələn namizəd bu reallığı nəzərə almalı və Türkiyənin strategiyalarına uyğun hərəkət etməlidir”-deyə Kərəm Qarabulud qeyd edib.
İradə Cəlil, Bizimyol.info






