İspaniyada azlığın solçu koalisiya hökuməti siqaret istehlakını məhdudlaşdıran yeni qanun layihəsi çərçivəsində uşaqları siqaret çəkən valideynlərə 100 avroya qədər cərimə tətbiq edəcək.
Bizimyol.info xəbər verir ki, Nazirlər Şurası tərəfindən bəyənilən, müzakirə və səsvermə üçün Parlamentə göndərilən "tütün qanun layihəsi" ictimai yerlərdə siqaret çəkməyi və azyaşlıların siqaret çəkməsini qadağan edir, eyni zamanda elektron siqaretlərdən istifadəni məhdudlaşdırır.
Qanun layihəsi İspaniyada ilk dəfə yetkinlik yaşına çatmayanların siqaret çəkməsini qadağan edir və uşaqlarının siqaret çəkməsinə mane olmayan valideynlər üçün 100 avroya qədər cərimə nəzərdə tutur.
Hazırda bütün Avropa İttifaqı ölkələrində olduğu kimi İspaniyada da yetkinlik yaşına çatmayanlara siqaret satışı qadağan olunsa da, uşaqların siqaret istehlakı ilə mübarizə üçün heç bir hüquqi tənzimləmə tətbiq edilməyib.
Qanun layihəsi ilə bağlı mətbuata açıqlamasında Səhiyyə naziri Monika Qarsiya deyib. “Biz İspaniyanı tütünə qarşı mübarizədə yenidən ön sıraya qoyan qanun hazırlamışıq. 2005-ci ildə qapalı yerlərdə siqaret çəkmə qadağası ilə öndə olmuşuq və 2010-cu ildə bar və restoranlarda siqaret çəkmək də qadağan edilib. Ancaq zaman dəyişir və yeni qanun dəyişiklikləri zərurəti yaranır. Yeni məhsullar ortaya çıxır və bununla da yeni ictimai sağlamlıq ehtiyacları ortaya çıxır. Tütün hər gün 140.000, ildə isə 50.000 insanı öldürür. Xərçənglərin 30 faizi siqaretin risk faktorları ilə bağlıdır”, - də bildirib.
Bundan başqa, məlum olub ki, hazırda 20-dən çox ölkədə tətbiq olunan sadə qablaşdırma (bütün bağlamalar eyni olmalıdır, brend loqoları olmadan və eyni şriftlə çap olunmalıdır) uzun danışıqlara baxmayaraq qanun layihəsinə daxil edilməyib.
Statistikaya görə, İspaniyada keçən il siqaret satışı 2,143 milyard qutu təşkil edib ki, bu da qapalı məkanlarda siqaret çəkməyi qadağan edən ilk qanunun qüvvəyə mindiyi 2005-ci illə müqayisədə 53,8 faiz azalma deməkdir.
Hazırda İspaniyada 20-lik paketin qiyməti 5 ilə 8 avro arasındadır.
Qadir, Bizimyol.info






