Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Siqaret çəkməyənlər arasında da ağciyər xərçəngi diaqnozu artır
Siqaret çəkməyənlər arasında da ağciyər xərçəngi diaqnozu artır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xərçəng araşdırması agentliyi siqaret çəkməyənlərdə ağciyər xərçəngi hallarının artdığını və bu artımda havanın çirklənməsinin "vacib faktor" olduğunu açıqlayıb.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) məlumatına görə, siqaret çəkməyənlərdə ağciyər xərçəngi dünyada xərçəngdən ölüm halları arasında beşinci yeri tutur. Bildirilib ki, adenokarsinoma növü həm kişilərdə, həm də qadınlarda ən çox rast gəlinən ağciyər xərçəngi növüdür.

IARC tərəfindən nəşr olunan və "The Lancet Respiratory Medicine" jurnalında dərc edilən araşdırmaya görə, 2022-ci ildə havanın çirklənməsinə məruz qalma səbəbindən təxminən 200 min adenokarsinoma hadisəsi aşkar edilib. Bu halların əksəriyyəti Şərqi Asiyada, xüsusən də Çində qeydə alınıb.

Tədqiqatın aparıcı müəllifi və IARC-nin xərçəngə nəzarət departamentinin rəhbəri Dr. Freddie Bray “The Guardian” qəzetinə bildirib ki, tapıntılar ağciyər xərçənginə səbəb olan risk faktorlarının izlənilməli olduğunu göstərir. O, siqaretin cəmiyyətlərdə əsas səbəb sayılmadığı üçün havanın çirklənməsi kimi digər mümkün səbəblərin də ətraflı araşdırılmalı olduğunu vurğulayıb.

“Böyük Britaniya və ABŞ kimi siqaretin azaldığı ölkələrdə siqaret çəkməyənlər arasında ağciyər xərçəngi halları artır. Növbəti illərdə havanın çirklənməsinin ağciyər xərçənginə təsirinin artıb-azalmayacağı tütündən istifadə və havanın çirklənməsi ilə mübarizə istiqamətində görüləcək tədbirlərdən asılı olacaq”, - deyə Dr. Bray bildirib.

Ağciyər xərçəngi dünyada ən çox yayılmış və ən çox ölümə səbəb olan xərçəng növü olmaqda davam edir. 2022-ci ildə təxminən 2,5 milyon yeni ağciyər xərçəngi hadisəsi aşkar edilib. Bununla belə, xərçəng növlərinin paylanmasında əhəmiyyətli dəyişikliklər müşahidə edilir.

Adenokarsinoma kişilərdə görülən ağciyər xərçənglərinin 45,6 faizini, qadınlarda isə 59,7 faizini təşkil edir. Bu göstəricilər 2020-ci ildə müvafiq olaraq 39 faiz və 57,1 faiz olaraq qeydə alınıb. Son 40 ildə bir çox ölkədə kişilərdə ağciyər xərçəngi halları azalsa da, qadınlarda bu nisbət artmaqda davam edir.

2023-cü ildə İngiltərədə qadınlarda ağciyər xərçənginə tutulma nisbətinin kişiləri üstələdiyi məlum olub və bu vəziyyət səhiyyə mütəxəssisləri tərəfindən xəbərdarlıq olaraq qiymətləndirilib. Mütəxəssislər bildirirlər ki, qadınlar ağciyər xərçənginin əlamətlərinə daha çox diqqət yetirməlidirlər.

IARC, siqaret istifadəsində və havanın çirklənməsinə məruz qalmada dəyişikliklərin ağciyər xərçəngi növlərinin tezliyinə təsir etdiyini bildirib. Artan elmi sübutlar havanın çirklənməsinin adenokarsinoma riskini artırdığını göstərir. Adenokarsinoma hallarının 53-70 faizinin, xüsusən də siqaret çəkməyənlərdə havanın çirklənməsi ilə əlaqəli olduğu təxmin edilir.

Dr. Bray: "Tədqiqatımız ağciyər xərçənginin və ona səbəb olan risk faktorlarının necə dəyişdiyini anlamağa kömək edir və qlobal miqyasda ağciyər xərçəngi ilə mübarizədə yol göstərə biləcək profilaktik strategiyaların inkişafına kömək edir", - deyib.

Siqaret istifadəsinin azalması və hava çirkliliyinə məruz qalma səviyyələrinin ağciyər xərçəngi növlərini formalaşdırdığını ifadə edən Bray, gələcəkdə yüksək riskli icmalar üçün tütün və hava çirkliliyi ilə mübarizə strategiyalarının hazırlanmasının vacibliyini vurğulayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »