"Azərbaycan Dəmir Yolları" QSC-nin bütün strukturları, 1 noyabr tarixindən etibarən, Bakıda keçiriləcək COP29 Qlobal İqlim Konfransına hazırlıq çərçivəsində gücləndirilmiş iş rejiminə keçib.
Bizimyol.info xəbər verir ki, bu barədə ötən gün - 1 noyabr tarixində keçirilən mediaturda məlumat verilib. Qeyd edilib ki, stansiya və vağzallarda xidmət göstərən əməkdaşların sayı artırılıb, əlavə işçi qüvvəsi cəlb edilib. Sərnişinlərlə birbaşa ünsiyyətdə olan 300-dən çox əməkdaş COP29 zamanı yüksək keyfiyyətli xidmət göstərmək üçün müştəri xidmətlərinə dair və ingilis dili üzrə təlimlərdə, həmçinin ətraf mühitin mühafizəsi mövzusunda seminarlarda iştirak edib.
Eyni zamanda Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət-naviqasiya sistemləri, o cümlədən işarələr, monitorlar və s. quraşdırılıb. Bakı Dəmiryol Vağzalı və Koroğlu dayanacağında mövcud turniket zallarının sahəsi genişləndirilərək keçid turniketlərinin sayı artırılıb, yeni monitorlar quraşdırılıb.
Mediaturda jurnalistlərə məlumat verən "Azərbaycan Dəmir Yolları" QSC-nin sərnişin daşımaları departamentinin sədri Azər Fərəcov bildirib ki, Bakı sərnişin stansiyasında mövcud turniket sayı 28-dən 36-ya çatdırılıb. Departament sədrinin sözlərinə görə, hazırda Bakı sərnişin stansiyasından gün ərzində 30 minədək sərnişin istifadə edir.
Azər Fərəcov / Foto: İradə Cəlil, Bizimyol.info"Ötən il bu stansiyadan istifadə edən sərnişinlərin sayı 5 milyon nəfərə yaxın olub. 2024-cü ilin on ayında bu rəqəm 4 milyon yarıma çatıb. Bu stansiyada keçid turniketlərinin sayının artırılması ilə bu günə kimi 1 dəqiqədə maksimum 750 nəfər keçə bilirdisə, hazırda 36 turniketlə bu rəqəm 1000-ə çatdırılıb.
Koroğlu dayanacağında görülmüş işlər nəticəsində, Bakı-Pirşağı-Sumqayıt istiqamətində mövcud turniket zalı 6 metr uzunluğunda genişləndirilib. Həmçinin 6 ədəd yeni keçid turniketinin quraşdırılması ilə turniketlərin sayı 4-dən 10-a çatdırılıb.Keçid truniketlərinin sayının artırılması ilə dayanacaqda indiyə qədər 1 dəqiqədə maksimum 108 nəfər keçə bilirdisə, hazırda 10 turniketlə bu rəqəm 270 nəfərə yüksəlib"-deyə Azər Fərəcov bildirib.
Azər Fərəcov həmçinin qeyd edib ki, 2019-cu ildə istifadəyə verilmiş Koroğlu dayanacağından gün ərzində 5000 nəfərə yaxın sərnişin istifadə edir: "2023-cü ildə bu dayanacaqdan istifadə edən sərnişinlərin sayı 800 min nəfərə yaxın olub. 2024-cü ilin on ayında bu rəqəm 773 mini ötüb".
İradə Cəlil, Bizimyol.info






