Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş deputat Nazim Bəydəmirliyə hökmün videosu - 8 il azadlıqdan məhrum edildi - Video
Keçmiş deputat Nazim Bəydəmirliyə hökmün videosu - 8 il azadlıqdan məhrum edildi - Video

Həbsdə olan keçmiş deputat Nazim Bəydəmirlinin məhkəməsi başa çatıb. Sentyabrın 3-da ona hökm oxunub.

Bizimyol.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmlə Nazim Bəydəmirli 8 il azadlıqdan məhrum edilib. Keçmiş deputat Cinayət Məcəlləsinin 182.2.4 (xeyli miqdarda əmlak tələb etmək məqsədilə hədə-qorxu ilə tələbetmə) maddəsilə təqsirli bilinib.

İttihama əsasən, Nazim Bəydəmirli özünün də 30 faiz səhm sahibi olduğu “Avto Qarant” ASC-nin Müşahidə Şurasının sədri Ədalət Bağırovu intim görüntülərlə şantaj edərək, ondan 50 min manat pul tələb eləyib, sonda 10 min manat pul alıb.

Keçmiş deputat həmçinin 1996-cı ildə Rusiyanın Lipetsk şəhərində biznesmen Mürsəl İbrahimovu ailə üzvlərilə hədələyib, ondan spirtli içki biznesinə yatırdığı 40 min dollardan imtina etməsini tələb edib.

Məhkəmə Mürsəl İbrahimov epizodu üzrə ittihamla bağlı cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyini əsas gətirərək, cəza təyin etməsə də, Nazim Bəydəmirlinin üzərinə zərərçəkmiş şəxsə 49 min 740 manat ödəmək öhdəliyi qoyub.

Nazim Bəydəmirli özünü təqsirli bilmir. O, son sözündə də bildirib ki, ittihamlar əsassızdır, sifarişlə həbs olunub.

Nazim Bəydəmirlinin sözlərinə görə, onu nahaqdan Gədəbəyin Söyüdlü kəndində ötən ilin iyununda baş vermiş etirazlarda ittiham edirlər. Halbuki, həmin etirazlara heç bir aidiyyəti olmayıb: “Sadəcə, həmin etirazlardan sonra jurnalistlər zəng eləyib məndən fikir soruşublar. Çünki mən deputat olanda cənab Prezidentlə oradakı qızıl zavodunun açılışında birlikdə iştirak eləmişdik. Adamlar da o zavoddan axan zəhərli suya görə etiraz edirdilər. Mən Gədəbəyin deputatı olmuşam. Mənə zəng eləyiblər, mən də fikrimi bildirmişəm. Mən heç vaxt dövlətçilik əleyhinə, prezident əleyhinə bir kəlmə danışmamışam”.

Nazim Bəydəmirli 2005-2010-cu illərdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Milli Məclisin deputatı olub. O, 2023-cü il iyulun 4-də həbs olunub.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »