Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bizə necə bir sülh lazımdır?
Bizə necə bir sülh lazımdır?

Ermənistanın baş naziri Nikol Paşinyanın BMT tribunasından hiyləgər çıxışı Azərbaycanda birmənalı qarşılanmayıb. Doğrudur, Ermənistan tərəfdən səslənən hər bəyanata Azərbaycan rəsmi səviyyələrdə cavab vermir. Bu da düzgün taktikadır.

Azərbaycan müharibənin qalibi kimi belə məntiqli və təmkinli mövqe tutub. Rəsmi Bakı sözünü deyib: sülh təşəbbüsünü irəli sürüb, sülhün prinsiplərini, şərtlərini müəyyənləşdirib və qarşı tərəfə təqdim edib. Ermənistanın bu prinsipləri və şərtləri qəbul edərək, sülhə gəlməsini gözləyir.

Azərbaycan prezidenti VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında açıq-aşkar dedi ki, əgər Ermənistan Konstitusiyasına dəyişiklik etməsə, sülh müqaviləsi də olmayacaq. Söhbət Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların çıxarılmasından gedir.

Azərbaycanın bu tələbini Ermənistanın Rusiyapərəst müxalifəti, eləcə də, Azərbaycanın Qərbpərəst müxalifəti tənqid edir. Bunun özü də çox maraqlı kontrastdır: Ermənistandakı Rusiyapərəstlərlə Azərbaycandakı Qərbpərəstlər bu məsələdə həmfikirdir. Çünki Rusiya Azərbaycanla Ermənistan arasında sazişin bağlanmasında maraqlı deyil, Qərb isə bu sülhü mümkün qədər tezləşdirməyə çalışır. Hətta Avropa İttifaqı Komissiyasının prezidenti Ursula fon der Leyen COP 29 konfransına qədər sülh sazişinin bağlanmasını təklif etmişdi. Oxşar bəyanatlar ABŞ-dan da səsləndi. Bununla paralel olaraq, ABŞ diplomatik, hərbi və kəşfiyyat qurumlarının nümayəndələri də Bakıya və İrəvana açıq və qapalı səfərlərində bu məsələni müzakirə edirlər. Azərbaycan öz mövqeyini dəyişmir: Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası qaldıqca, sülh müqaviləsinin imzalanması mümkünsüzdür. Ermənistanda da (o cümlədən, hakimiyyət strukturlarında), məhdud sayda da olsa, Azərbaycanın özündə bu mövqenin tənqidçiləri rəsmi Bakının mövqeyini Ermənistanın daxili işlərinə qarışmaq kimi qiymətləndirir. Bu cür qiymətləndirmə, bu yanaşmanın özü, zənnimcə, kökündən yanlışdır. Hətta nonsensdir. Niyəsini deyim: bir ölkə öz Konstitusiyasında başqa bir ölkənin ərazisinin bir hissəsini özünə aidmiş kimi təsbit edirsə, Ana Qanunda, başqa qanunlarda qonşu ölkəyə ərazi iddiasını davam etdirirsə, bu, başqa dövlətin daxili işlərinə qarışmaq demək deyil də, nədir?! Ümumiyyətlə, konkret bu halda məsələ artıq daxili iş deyil, xarici işdir.

Həm də kim kimin daxili işlərinə qarışır: öz Konstitusiyasında qonşusuna qarşı ərazi iddiaları irəli sürən tərəf, yoxsa bu iddiaları Konstitusiyadan və qanunlardan çıxarmağı tələb edən tərəf?! Məncə, cavab sualın özündədir.

Eyni zamanda daha iki sual da var: Ermənistan heç bir funksionallığı olmayan Minsk Qrupunun buraxılmasında niyə maraqlı deyil?! Eyni zamanda niyə sərhədlərin delimitasiyasında məhz Alma-Ata bəyannaməsini özünə sərf edən formada müqavilədə əks etdirməyə çalışır?!

Ermənistan baş nazirinin BMT-dəki çıxışı da əslində elə həm də bu suallardan yayınmaq cəhdidir. Rəsmi İrəvanın bu sualların hər üçünə özü üçün cavabları var: özünü sülhə hazır kimi göstərib, Qərbin dəstəyini almaq, Azərbaycana beynəlxalq təzyiqi gücləndirib, yarımçıq "sülh sazişi" imzalatmaq, sonra Azərbaycana qarşı hüquq müstəvisində beynəlxalq müharibəyə başlamaq. Ermənistan hökuməti də, onu dəstəkləyən Qərb dövlətləri də yaxşı bilir ki, Azərbaycan otuz illik işğala, dağıntılara görə Ermənistana qarşı açacağı təzminat davasında haqlıdır və bu iddianı geri çevirmək mümkün olmayacaq. Ona görə də "Qarabağ ermənilərinin qayıdışı" temasını gündəmə gətirirlər. Mexanizmlər haqqında detallar açıqlanmasa da, ictimai səviyyələrdə "beynəlxalq təhlükəsizlik təminatı" altında "qayıdış" ifadəsi də işlədilib. "Beynəlxalq təhlükəsizlik təminatı" deyəndə, məhz Minsk Qrupuna hazır siyasi mexanizm kimi baxılır. Rusiya artıq bu qurumda həmsədr kimi de-yure və de-fakto yoxdur. Qalır, ABŞ və Fransa. Onlar da Ermənistanı dəstəkləyir. O səbəbdəndir ki, Fransanın yeni xarici işlər naziri də "Qarabağ ermənilərinin geri qayıdışı" ifadəsini işlədib və: "Azərbaycana güzəştə getməyəcəyik" deyib. "Beynəlxalq təhlükəsizlik təminatı" fiziki-hərbi olaraq Avropa İttifaqının "müşahidə missiyası"dır ki, əllərində binokl gəlib sərhədlərimizdə yerləşiblər. Bu, faktik olaraq, artıq Avropa İttifaqı missiyası deyil, NATO kontingentidir. Əks halda ABŞ orada niyə təlim keçir?! Niyə silah daşıyır?! Kanada zabitlərinin Azərbaycan sərhəddində nə işi var?! Əgər bu "qayıdış" baş tutsa, o zaman faktik NATO hərbi kontingenti Azərbaycanın ərazisinə daxil olsun deyə Avropa İttifaqının bayrağı altında Ermənistan-Azərbaycan şərti sərhədləri yaxınlığında hazır gözləyir.

Ermənistan Konstitusiyasındakı ərazi iddialarına gəlincə, rəsmi İrəvan buna getmir. Çünki əgər bir az əvvəl haqqında danışdığımız "beynəlxalq təminat" altında qayıdış" baş tutsa, o zaman çoxdan dəfn edilmiş "bölgənin siyasi statusu" gündəmə gətiriləcək. Ermənistan isə bu ərazi iddialarını Konstitusiyada elə formulə edib ki, bu, istəkdən və şəraitdən asılı olaraq, ilhaqa və ya beynəlxalq tanınmaya da qapıları açıq saxlayır. Bax, buna görə də Azərbaycan Konstitusiya dəyişikliyini Ermənistandan tələb edir. Buna görə sülh sazişində erməni versiyasında "qayıdış" konsepsiyasına yer qoymamaq üçün Minsk Qrupunun buraxılmasını tələb edir. Eyni zamanda gələcəyə sərhəd mübahisəsi qalmasın deyə sənəddə Alma-Ata sazişinə istinadın əsassız və yersiz olacağını düşünür.

Azərbaycan məhz bu cür prinsipial səbəblərə görə öz haqlı şərtlərində israr edir. Rəsmi Bakı istəyir ki, bu, olursa, təminatlı sülh sazişi olsun, olmursa, heç olmasın; yarımçıq sülh daha da təhlükəlidir. Bəzi adamlar ya bilərəkdən, qərəzlə, ya da məlumatsızlıqdan Azərbaycanın bu şərtlərdə bu qədər israrçı olmasını Rusiyanın sülhdə maraqlı olmamasına, yaxud başqa bir "səbəb"ə yozurlar.

Bəli, Rusiya Azərbaycanla Ermənistan arasında indiki halda sülh istəmir. Azərbaycan isə yarımçıq sülh istəmir. Burda müəyyən mənada maraqlar eyni görünür. Ancaq bu, belə deyil. Azərbaycan Ermənistanın təklif etdiyi yarımçıq sülhü bağlasa, bu, sülh yox, sülh görüntüsü olacaq. Bizi mahiyyət maraqlandırır, qarşı tərəfə isə görüntü lazımdır. Biz Ermənistana istədiyini versək, həmin "sülh" nəinki ratifikasiyaya çatmaq, heç Konstitusiya Məhkəməsindən keçmək iqtidarında deyil. O səbəbdən, Qərbdən gələn təlimata əsasən, Nikol Paşinyan tələsir; Azərbaycanı hüquqi tələyə salmaq istəyir. Onun BMT-dəki çıxışı da bu üslubdadır: Paşinyan deyir: "Sülh sazişinin razılaşdırılmış müddəalarını imzalayaq, onsuz da buna Ermənistanın Konstitusiya Məhkəməsi baxacaq, əgər Konstitusiyaya zidd müddəalar aşkar etsə, biz Konstitusiyada dəyişiklik edərik".

Beləliklə, Konstitusiyaya dəyişiklik etmək üçün Azərbaycana qarşılıqlı şərt irəli sürür: yarımçıq sülh bağlamaq.

İlk baxışdan məntiqli görünə bilər: rəsmən imzalanmış olmadan sazişin Konstitusiyaya uyğun olub-olmadığını necə müəyyənləşdirmək olar? Məsələ də bundadır ki, başqa ölkənin ərazisinin bir hissəsini öz ərazisi kimi göstərməyin Konstitusion olub-olmadığını bilmək üçün hansısa saziş bağlamağa ehtiyac yoxdur; bunu Konstitusiya Məhkəməsi olmadan da hamı görür. Konstitusiyaya dəyişikliyə Konstitusiya Məhkəməsi qərar vermir, heç parlament də həll etmir, bu, ümumxalq səsverməsi ilə həll olunur. Referendum bu üzdən var.

Əgər Ermənistan hökumətinin Azərbaycanla dayanıqlı sülh bağlamağa səmimi istəyi və siyasi iradəsi varsa, bu sülhün qarşısındakı Konstitusion maneəni bir referendumla aradan qaldıra bilər. Əgər bunu etmək istəmirsə, deməli, revanşist hərəkatın başında da özü dayanıb. Paşinyan əsl niyyətini "sülh ədəbiyyatı" ilə hiyləgərcəsinə pərdələyir; silahlanır, toparlanır, gələcək müharibəyə hazırlaşır. Bunun başqa adı yoxdur.

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »