Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peskovun "müharibə" açıqlaması nə deməkdir? – Ekspertdən şərh
Peskovun "müharibə" açıqlaması nə deməkdir? – Ekspertdən şərh

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Qərb ölkələrinin münaqişəyə cəlb olunması fonunda "xüsusi hərbi əməliyyat" artıq faktiki olaraq müharibəyə çevrilib. Bu açıqlama Rusiya rəsmilərinin indiyədək istifadə etdiyi rəsmi terminologiyada diqqətçəkən dəyişiklik kimi qiymətləndirilir. Bəyanat beynəlxalq ictimaiyyətdə və siyasi dairələrdə geniş müzakirələrə səbəb olub.

  • Peskovun bu bəyanatı Rusiyanın Qərblə qarşıdurmanı daha açıq şəkildə etiraf etməsi kimi qiymətləndirilə bilərmi?

Politoloq Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu bəyanat müəyyən mənada Rusiyanın Qərblə qarşıdurmanın miqyasını daha açıq ifadə etməsi kimi şərh oluna bilər.

Bununla belə, burada terminologiyanın dəyişməsi ilə hüquqi statusun dəyişməsi arasında fərq qoymağın vacib olduğunu vurğulayıb.

“Peskovun "xüsusi hərbi əməliyyat artıq faktiki olaraq müharibəyə çevrilib" ifadəsi ilk növbədə onu göstərir ki, Moskva Ukraynadakı münaqişəni artıq təkcə Rusiya-Ukrayna qarşıdurması kimi deyil, Qərbin geniş hərbi, maliyyə və kəşfiyyat dəstəyi fonunda daha böyük geosiyasi qarşıdurmanın tərkib hissəsi kimi təqdim edir. Rusiya rəhbərliyi uzun müddətdir ki, NATO ölkələrinin Ukraynaya silah, kəşfiyyat məlumatı və təlim dəstəyi verməsini dolayısı ilə müharibədə iştirak kimi qiymətləndirir. Peskovun açıqlaması bu narrativi daha açıq şəkildə ifadə edir”, – deyə o bildirib.

Anar İsayev deyib ki, bununla yanaşı, bu bəyanat Rusiyanın Qərb ölkələrinə rəsmi müharibə elan etməsi və ya münaqişənin hüquqi statusunun dəyişdirilməsi demək deyil. Onun sözlərinə görə, Rusiya hələ də Ukrayna ilə bağlı rəsmi müharibə elan etməyib və "xüsusi hərbi əməliyyat" anlayışı ölkədaxili hüquqi və siyasi müstəvidə qüvvədə qalır.

“Bu cür açıqlamanın bir neçə məqsədi ola bilər:

Rusiya cəmiyyətinə münaqişənin uzunmüddətli və daha ağır xarakter aldığını izah etmək;

Qərbə siyasi mesaj vermək və qarşıdurmanın miqyasını vurğulamaq;

Gələcəkdə hərbi, iqtisadi və səfərbərlik xarakterli qərarların əsaslandırılması üçün ictimai rəyi hazırlamaq”, – deyə politoloq bildirib.

Politoloqun fikrincə, Peskovun bəyanatı Rusiyanın Qərblə strateji qarşıdurmanı daha açıq şəkildə dilə gətirməsinin növbəti mərhələsi kimi qiymətləndirilə bilər. Lakin bu, hüquqi baxımdan Rusiyanın Qərbə müharibə elan etməsi anlamına gəlmir. Bu, daha çox siyasi və informasiya müstəvisində verilmiş bir mesajdır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »