Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trampla Ərdoğan NATO sammiti çərçivəsində Ukrayna danışıqları və müdafiə əməkdaşlığını müzakirə edəcəklər
Trampla Ərdoğan NATO sammiti çərçivəsində Ukrayna danışıqları və müdafiə əməkdaşlığını müzakirə edəcəklər

İyulun 7-də Ankarada NATO sammiti çərçivəsində keçiriləcək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Trampın görüşünün gündəliyində Rusiya ilə Ukrayna arasında danışıqların Türkiyə platformasında yenidən bərpası məsələsi də yer alacaq.

Bizimyol.info xəbər verir ki, Türkiyə mətbuatının verdiyi məlumata görə, liderlər dörd əsas istiqamət üzrə müzakirələr aparacaqlar.

Birinci istiqamət müdafiə sənayesi sahəsində əməkdaşlığı əhatə edir. Buraya Türkiyənin milli "KAAN" qırıcısı üçün 700 milyon dollar dəyərində mühərrik tədarükü, ABŞ-ın CAATSA (Amerikanın Sanksiyalar Vasitəsilə Rəqiblərinə Qarşı Mübarizə Aktı) çərçivəsində tətbiq etdiyi məhdudiyyətlərin ləğvi və Ankaranın "F-35" qırıcılarının istehsalı proqramına yenidən qoşulması daxildir.

İkinci və üçüncü istiqamətlər iqtisadi və enerji əməkdaşlığı ilə bağlıdır. Tərəflər ikitərəfli ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılması, həmçinin enerji, o cümlədən nüvə energetikası sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini nəzərdən keçirəcəklər.

Görüşdə beynəlxalq və regional təhlükəsizlik məsələlərinin də geniş müzakirə olunacağı gözlənilir. Bunlara Suriyanın bərpası, ölkənin terrorçu qruplaşmalardan tam təmizlənməsi, eləcə də İsrail-Fələstin münaqişəsinin nizamlanması daxildir.

Verilən məlumata görə, liderlər Rusiya-Ukrayna münaqişəsinin həlli yollarını da diqqətdən kənarda saxlamayacaqlar. Bu, həm Ankara, həm də Vaşinqtonun münaqişənin nizamlanması istiqamətində göstərdiyi səylər, eləcə də Türkiyənin Ukrayna üzrə danışıqlar və mümkün sammit üçün yenidən ev sahibi olmağa hazır olduğunu dəfələrlə bəyan etməsi ilə əlaqələndirilir.

Xatırladaq ki, Donald Trampın Türkiyəyə səfəri baş tutacağı təqdirdə, o, son 17 ildə bu ölkəyə gələn ilk ABŞ prezidenti olacaq. Bundan əvvəl ABŞ prezidenti kimi Türkiyəyə son səfəri 2009-cu ildə Barak Obama etmişdi.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »