Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Filologiya elmləri doktoru Qulu Məhərrəmli: "Azad mətbuat söz və fikir azadlığı üçün oksigen rolunu oynayır"
Filologiya elmləri doktoru Qulu Məhərrəmli: "Azad mətbuat söz və fikir azadlığı üçün oksigen rolunu oynayır"

Fikir, söz və məlumat azadlığı demokratik cəmiyyətin təməl prinsipləri sırasında yer alır. Bu azadlıqların təmin edilməsi cəmiyyətdə plüralizmin inkişafına, fərqli baxışların sərbəst ifadəsinə və sağlam ictimai müzakirə mühitinin formalaşmasına imkan yaradır. Şəffaflığın, hesabatlılığın və vətəndaşların məlumatlı qərarlar verməsinin əsas şərtlərindən biri də məhz bu prinsiplərin qorunmasıdır.

Əməkdar jurnalist, televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru Qulu Məhərrəmli bu mövzuda Bizimyol.info xəbər portalının suallarını cavablandırıb.

– Azərbaycanda fikir, söz və məlumat azadlığının genişlənməsi ilə dövlətin milli təhlükəsizlik və ictimai sabitlik maraqları arasında tarazlıq necə qurulmalıdır?

– Əlbəttə ki, cəmiyyətdə fikir plüralizminin olması vacibdir. Bu, birmənalıdır. Fikir plüralizmi o zaman mövcud olur ki, fikrin ifadəsi üçün azadlıq və sərbəstlik olsun, azad media fəaliyyət göstərsin, uyğun platformalar mövcud olsun. Vətəndaş həmin platformalarda öz fikir və istəklərini bildirsin, tənqidi mülahizələrini səsləndirsin, suallar versin, onu narahat edən məsələlərə cavab axtarsın. Bunun üçün sadalanan bütün şərtlər mövcud olmalıdır.

Plüralizm heç də çoxlu fikirlərin yanaşı dayanması demək deyil. Plüralizm alternativ fikrin mövcudluğudur. Yəni əsas fikrə paralel deyil, ona əks olan fikrin sərbəst şəkildə ifadə olunmasıdır. Siz hər hansı bir məsələni müzakirə edirsinizsə, orada müxtəlif baxışlar, müxtəlif rənglər olmalıdır. Əsas mövqeyə alternativ fikirlərin mövcudluğu fikir plüralizminin əsasını təşkil edir.

Əlbəttə, fikir plüralizmi müxtəlif baxışların mövcudluğu sayəsində gerçəyin ortaya çıxmasına səbəb olur. Əgər biz hər hansı bir məsələni müzakirə ediriksə, mütləq orada fikir əlvanlığı, fikir müxtəlifliyi olmalıdır ki, həqiqəti olduğu kimi görə bilək. Bunun üçün isə, şübhəsiz, uyğun platformalar və azad mətbuat fəaliyyət göstərməlidir.

– Plüralizmin inkişafı üçün əsas maneələr hansılardır və bu maneələrin aradan qaldırılması demokratik institutların fəaliyyətinə necə təsir göstərə bilər?

– Azad mətbuat mühiti oksigen deməkdir. Yəni söz və fikir azadlığı üçün oksigen rolunu oynayır. Bu oksigen olmayanda boşluq yaranır və insanların səsi çıxmır. Bu baxımdan hesab edirəm ki, fikir plüralizminə xidmət edən bütün institutlar normal fəaliyyət göstərməli, onların mövcudluğu cəmiyyətin fikir əlvanlığını əks etdirməlidir. Əks halda yuxarılar danışacaq, aşağıdakılar isə səbr və hövsələ ilə qulaq asacaqlar.

– Fikir və məlumat azadlığının real vəziyyətini qiymətləndirərkən hansı meyarlar əsas götürülməlidir və bu sahədə beynəlxalq standartlarla milli reallıqlar arasında uyğunluq necə təmin oluna bilər?

– Burada beynəlxalq standart deyəndə xüsusi bir standart nəzərdə tutulmur. Sadaladığımız məqamlar demokratik cəmiyyətin əsas şərtlərindəndir. Fikir ifadəsi üçün azad mühit olmalıdır və insanlar həmin mühitdə onları düşündürən problemləri dilə gətirməlidirlər. Onlar bunu mətbuat, televiziya, radio, eləcə də yeni medianın imkanları vasitəsilə ifadə etməlidirlər.

– Son zamanlar demək olar ki, bütün jurnalistləri narahat edən bir məqam var. Saytlarda yazı çoxdur, hamı yazır, amma məlumat və xəbər azlığı hiss olunur. Yazılan materialların məlumat yükü zəifdir. Siz necə düşünürsünüz, bu çoxluq bizə lazımdırmı, yoxsa az, amma məlumat yükü yüksək olan materiallar daha faydalıdır?

– Əslində problemin bu şəkildə qoyuluşu o qədər də aktual deyil. İnformasiya çox ola bilər, amma həmin informasiya mütləq cəmiyyət üçün gərəkli olmalıdır. Məlumat cəmiyyət üçün əlçatan və yetərli olmalıdır. Belə olan halda bu dilemma aradan qalxır.

Biz informasiyanın çoxluğuna etiraz etmirik. Amma bu çoxluq həqiqəti ört-basdır etməyə xidmət edəndə artıq ziyanlı bir şeyə çevrilir. Çünki insanlar məlumatların içərisində sanki bir labirintə düşür və gerçəyin nədən ibarət olduğunu müəyyən edə bilmirlər. Ona görə də həqiqətin öz meyarları var və həmin meyarlara cavab verən məlumatlar olmalıdır.

Konkret desək, xəbərlərin müəyyən parametrləri və şərtləri var. Xəbər və ya məlumat cəmiyyət üçün faydalı, gərəkli və lazımlı olmalıdır. O, insanların düzgün qərar verməsinə kömək etməlidir. Məhz bu halda məlumatlar cəmiyyət üçün həqiqətən də faydalı olur. Yoxsa biz informasiya axınını açırıq, hər cür məlumat yayırıq, amma cəmiyyət üçün vacib olan məlumatlar ortada olmur. Bu halda informasiya keyfiyyətdən məhrum olur. Əgər o, sadəcə məlumatdırsa və sadalanan tələblərə cavab vermirsə, onun heç bir faydası olmur. Ona görə də bizim üçün əsas məsələ çoxluq deyil. Bizə keyfiyyətli, məlumat yükü olan xəbərlər və informasiyalar lazımdır. Belə olan halda media və onunla bağlı bütün infrastruktur cəmiyyətə xidmət etmiş olur. Yox, əgər sadəcə məlumat istehsalı ilə məşğuluqsa, o halda heç nə qazana bilmirik.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Son xəbərlər
Bütün xəbərlər »