Məncə, pis fikir deyil: bizim universitetlərdə ayrıca bir ixtisas açmaq lazımdır.
Bioloq var, filoloq var, psixoloq var... Hərəsi bir işin qulpundan yapışıb, çörəyini tapıb. Arxeoloq, məsələn, ya da geoloq. Yerin altında nə var, axtarıb, tapıb üzə çıxarır. Ufoloq var, göyün sirli varlıqlarından, nə bilim, başqa planetlərdəki həyatlardan soraq verir. Uçan boşqab, stəkan-nəlbəki və sair. Astroloq da ki, bilirsiniz, kimdir? Zooloq heyvanları öyrənir, ornitoloq quşları. Amma insanı araşdıran nə çox!
Dermatoloq, nevropatoloq, uroloq-androloq-filan, o söhbətlərə heç girməyək. Nə çoxdur tibbdə bu "-oloqlar". Bir xəstəxanaya gedirsən, hər qapının üstündə axırı "-oloq" deyə bitən nə qədər lövhə asılıb. Bunlar varsa, deməli, tıxacoloq da olmalıdır.
Camaat bu saat nədən əziyyət çəkir: vaxtı-vədə, yer-yurd bilmədən, acı sonu-sonluğu bilinməyən, acı bağırsaq kimi uzanıb gedən tıxaclardan. Kim kimə nə sual verirsə, cavabı eyni olur:
- Hardasan?
- Tıxacda.
- Günün necə keçdi?
- Tıxacla.
- Filan işin dalınca getdinmi?
- Tıxacdan imkan olmadı.
- Bu gün görüşə bilərik?
- Yox, tıxac var...
Biz tıxacda yaşayırıq. Tıxaclı qəsəbəsində. Tıxac şəhərində. Tıxacıstanda. Günümüzün əvvəli tıxacla başlayır, ortası tıxacda ilişib qalır, sonu da tıxacda bitir. Ömrümüz tıxac üstündə qurulub. Dünyaya gələndə doğum evində tıxaca düşürük, bağçaya gedəndə tıxac, məktəbə gedəndə tıxac. Tıxaca düşüb öz toyuna gecikən bəy-gəlindən deyim sizə. Hamınız toyda saatlarla oturub səbəbkarları gözləməmisiniz? Gözləmisiniz. Toy yiyələrindən soruşmağa ehtiyac qalmayıb, özləri bir-bir masaları gəzib qonaqlara izahat veriblər: "Uşaqlar tıxacda qalıblar, beş dəqiqəyə çatırlar, Siz nuş eləyin". Yəni, tıxın.
Əlqərəz, olum da tıxacda qalır, ölüm də. Bir də eşidirsən ki, Nuhu taxtda , Şah Abbası qundaqda görmüş biri can verir. Amma canını tapşıra bilmir. Ətrafda eşidən-bilən lotu-potu, bic-bicəngə orda-burda xosunlaşıb, məzələnir: "Filankəs Axirət yolunda tıxaca düşüb, gedə bilmir. Əzrayıl da tıxaca düşüb, gəlib çıxmır, mən ölüm. Ha-ha-ha!"
Bax, belə. Əslində həyat yaşamırıq, tıxacda yaşayırıq. Ömür sürmürük, tıxacda maşın sürürük. Ya da tıxaca düşmüş yollarda sürüm-sürüm sürünürük. Yerin altına düşürsən, metroda tıxac. Yerin üstünə çıxırsan, avtobus tıxacda: dayanacaqlar dolub-daşıb.
Nə bəladır, düşmüşük. Bir fərli-başlı tıxacoloq lazımdır çıxıb bizə desin, başımıza nə çarə qılaq. O efirlərə politoloqları, seysmoloqları, ginekoloqları, astroloqları-filan çağırırsınız ha! Nə fayda?! Tıxacoloq çağırın. Bizə tıxacoloq lazımdır. Gəlsin, çıxsın, canlı-canlı bizə desin. Desin görək, o "alternativ yollar" hardadır ki, biz görmürük. Bəli-bəli, bizə alternativ yol göstərən gəlsin, başqa birisi lazım deyil. Bir dərdimiz var: tıxac. Loğmanı da tıxacoloq!
Qara Şəhərli, Bizimyol.info






