Elit Ticarət Mərkəzi yaxınlığındakı kəsişən avtomobil yollarında işıqforların fəaliyyətində nasazlıq var. Belə ki, işıqforlardakı üç işıq eyni anda sayrışaraq, sürücüləri çaşdırır. Yaşıl və qırmızı işığın eyni anda yanıb söndüyü işıqforda sürücülər hansı işığın yandığını təxmini hesablayaraq hərəkət etməyə çalışırlar.
Yaranmış problemlə əlaqədar Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, işıqfordakı nasazlığın səbəbi zədələnmiş elektrik xətti olub.
"2 gün əvvəl aidiyyəti dövlət qurumu tərəfindən işıqfora gedən elektrik xəttinə zərər verilmişdi. Hazırda işıqforlar işləyir və heç bir problem yoxdur" - deyə qurumdan bildirilib.
Ümumiyyətlə, Bakının mərkəzi və mərkəzdənkənar bir çox küçə və prospektlərində ciddi işıqfor problemləri yaşanır. Şəhərdənkənar bir çox qəsəbələr var ki, ordan iri, magistral yollar keçir, ətrafda da yaşayış məntəqələri var. Buna rəğmən, ərazidə nə yerüstü piyada keçidi, nə də işıqfor mövcud deyil. Məsələn, Biləcəri qəsəbəsi, "DSK Yolu" - 8-ci mədən adlı ərazidə piyada zolaqları asfaltdan silinib və tənzimləyici yol hərəkət nişanları, təhlükəsizlik kameraları, işıqlandırma və radar yoxdur. Yolun hər iki tərəfində də yaşayış məntəqələri və alışveriş mərkəzləri mövcuddur. Sakinlər hər gün bu yoldan istifadə etmək məcburiyyətində qalırlar. Ağırtonnajlı yük avtomobilləri üçün əlverişli hesab olunan bu yolda qəsəbə sakinlərinin həyatı ciddi risk altındadır.
Mətin Şükürlü, Bizimyol.info






