Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2 il yarım əvvəl itkin düşmüş əsgərlərimizin meyitlərinin qalıqları tapılıb: donvurmadan həyatlarını itiriblər
2 il yarım əvvəl itkin düşmüş əsgərlərimizin meyitlərinin qalıqları tapılıb: donvurmadan həyatlarını itiriblər

Təxminən bir ay əvvəl – iyulun 3-də Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində Azərbaycan Ordusunun iki hərbçisinə aid olduğu ehtimal edilən meyit qalıqları tapılıb. Onlar Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında təmsil olunan aidiyyəti dövlət qurumları tərəfindən aparılmış axtarış-araşdırma işləri nəticəsində aşkarlanaraq götürülüb.

Bizimyol.info xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti, Baş Prokurorluq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bununla bağlı birgə məlumat yayıb.

Məlumatda bildirilir ki, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və DTX-nın Hərbi-tibb baş idarəsinin Genetik Araşdırmalar Mərkəzində ekspertizalar həyata keçirilib. Ekspertizalar nəticəsində qalıqların Azərbaycan Ordusunun əsgərləri – hər ikisi 2003-cü il təvəllüdlü Məmmədov Fərid Əjdər oğlu və Abdullayev Firdovsi Mais oğluna aid olduğu müəyyənləşib.

Həyata keçirilmiş kompleks istintaq tədbirləri, məhkəmə-tibb və kriminalistik tədqiqatlarla müəyyən edilib ki, həmin əsgərlər 3 mart 2022-ci ildə Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun olmasından istiqaməti itirərək itkin düşüblər. Uzun müddət soyuq temperaturda qaldıqlarına görə donvurmadan ölüblər.

Avqustun 5-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında keçirilmiş görüşdə əsgərlərin nəşlərinin tapılması itkin hərbçilərin ailələrinə elan edilib.

Hazırda aidiyyəti dövlət qurumları ilə birlikdə əsgər Fərid Məmmədov və əsgər Firdovsi Abdullayevin dəfni ilə bağlı zəruri tədbirlər həyata keçirilir. Dəfn mərasimlərinin vaxtı və yeri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »