“Türk Dövlətləri Təşkilatının Azərbaycanda Naxçıvanda yaranması və zaman-zaman artan gücü, əsasən iki ölkə başçısı cənab İlham Əliyev və cənab Rəcəb Tayyip Ərdoğanın lokomotivliyi ilə irəliləyir. Ölkə başçısı prezident seçkisindən sonra Milli Məclisdəki andiçmə mərasimində bununla bağlı çox vacib və ölkəmizin gələcək milli strategiyasını əsasını qoyanda gələcək fəaliyyətimizdə ana xəttin nədən ibarət olduğunu göstərdi. Prezident öz nitqində “bizim evimiz Türk dünyasıdır və bizi başqa yerdə gözləmirlər, heç biz də onu arzulamırıq, bizim əsas gələcək yolumuz bu dünyada Türk dünyasına daxil olan dövlətlərlə və xalqlarla birgə fəaliyyətimizdən asılıdır” deyirdi. Bu fikirlərlə ölkə başçısı bir daha göstərdi ki, Türk Dövlətləri Təşkilatı ümumiyyətlə bu dövlət və xalqlarla birliyimiz gələcək yolumuz da inkişafımızda əsas aparıcı xətt olacaq”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin VI çağırış deputatı Vüqar İskəndərov danışıb. Deputat qeyd edib ki, 3 yüz milyona yaxın gənc, sürətlə artan əhali, yeraltı-yerüstü sərvətlər, inkişaf edən iqtisadiyyat, yerləşdiyi coğrafi məkan bu təşkilatın gücünə güc qatır və onu daha cəlbedici mövqedə möhkəmləndirir. Digər tərəfdən Türk Dövlətləri Təşkilatına üzv olan və müşahidəçi qismində olan ölkələr hərəsi ayrılıqda olduğu qitədə, bölgədə nüfuzlu ölkələr sayılmağa başlanılıb və onların ayrı-ayrılıqda da bir təşkilata üzv olduğu kimi də fəaliyyətləri bu gün dünyanın aparıcı böyük dövlətləri tərəfindən diqqətlə izlənilir.
Vüqar İskəndərov“Təbii olaraq bütün bunlara baxsaq və bu dövlətlərin bir güc altında, təşkilat altında toplanması, bir yerdə olması, fəaliyyətlərinin koordinasiya olması, dünyada hal-hazırda gedən proseslərə konkret olaraq təsir göstərməsi, onun gücündən xəbər verir. Türk Dövlətləri Təşkilatı günlər ötdükcə, özünün potensialını və gücünü artırmaqdadır. Bu təşkilatın Şuşadakı qeyri-rəsmi zirvə görüşündə də bir çox maraqlı məqamlar diqqət çəkdi. Müşahidəçi üzv olan Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstan təşkilatın fəaliyyətində aktiv rol oynamağa başlayırlar”-deyə deputat bildirib.
Vüqar İskəndərovun fikrincə, üzv dövlətlərin maraqlı təkliflərlə və bu təşkilatın gələcək fəaliyyətini daha da güclənməsi üçün önəmli və real addımların atılması artıq özünü göstərməkdədir.
“Prezident İlham Əliyev “Qoşulmama hərəkatı”-nın rəhbəri kimi artıq qlobal bir nüfuzlu liderə çevrilib. Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyip Ərdoğan da dünyada qəbul edilən nəhəng siyasi fiqurdur. Özbəkistan və Qazaxıstan prezidenti və bütün qeyd etdiyimiz dövlətlərin başçıları artıq öz ölkələrini sürətlə inkişaf etdirir, öz potensialları və artan gücləri ilə hər biri ayrılıqda təşkilatın gücünə güc qatırlar”-deyən deputat hesab edir ki, zaman ötdükcə bu təşkilat daha da güclənəcəkvə hətta, gələcəkdə hərbi sahədə də əməkdaşlığın baş tutacağı istisna edilmir.
“Gələcəkdə öz ordusu, bu sahədə müdafiə sənayesi komplekslərinin inkişafı və s. bütün bunlarla birlikdə qlobal səviyyədə nəhəng gücə çevrilə bilər. TDT-nin mövcud potensialı göz önündədir və ondan çox böyük gözləntilər var”-deyə deputat əlavə edib.
İradə Cəlil, Bizimyol.info






