Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin rəsmən tanınması ilə bağlı dünya dövlətlərinə müraciət edib. Bu addım məşhur "Barış hərəkatı"nın və Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin elan edilməsinin 50-ci ildönümü kontekstində atılıb.
Əlbəttə, prezident Ərdoğanın bu çağırışının arxasında bir çox səbəblər, motivlər var. Ayrılma qərarı vermiş ərazilərin müstəqil dövlət kimi tanınması birinci dəfə deyil. Hazırda ABŞ da daxil olmaqla, 23 dövlət Tayvanı Çin Respblikası kimi tanıyıb. Çin Xalq Respublikası isə "Vahid Çin" konsepsiyası ilə çıxış edir. Eləcə də, Avropanın cənubunda 2000-ci illərdə Serbiyadan ayrılmş Kosovonu 101 ölkə müstəqil dövlət kimi tanıyıb. Serbiya isə bu ərazini özünün tərkibində Kosovo və Metohiya muxtar vilayəti kimi tanıyır. Rusiyaya bağlı olan Slobodan Miloşeviç rejiminin məğlubiyyətindən sonra rəsmi Belqrada Avropa İttifaqı üzvlüyü vəd edən Qərb, Kosovonu Serbiyadan qoparıb müstəqil dövlət kimi tanıdı. Bu, üzv dövlətin tərkibində olsa belə, müsəlman toplumun Aİ-yə buraxılmaması məqsədilə edilmişdi. Həm də ABŞ və Qərb bu yolla Rusiya ilə yaxşı münasibətləri olan Serbiya siyasi hakimiyyətini cəzalandırmaq istəmişdi. Beləliklə, Kosovonu qısa müddətdə 101 ölkə tanıdı. Eləcə də, Şərqi Timor.
Azərbaycan adlarını çəkdiyimiz bu əraziləri müstəqil dövlət kimi tanımır. Şimali Kipri də həmçinin. Lakin Şimali Kipr Türk Cümhuriyyətinin rəsmən tanınmasına doğru addımlar atılır. Bunlardan biri Şimali Kipr Türk Cümhuriyyətinin prezidentinin və başqa rəsmi şəxslərinin Azərbaycanda rəsmi və qeyri-rəsmi səviyyələrdə qarşılanması, qəbul olunması idi. Eyni zamanda bu ayın əvvəlində Şimali Kipr Türk Cümhuriyyəti Türk Dövlətləri Təşkilatının Şuşada keçirilmiş qeyri-rəsmi zirvə görüşündə Macarıstan və Türkmənistanla bir sırada müşahidəçi kimi iştirak etdi. Hətta iştirak məsələsi, Zirvə görüşünün yekun bəyannaməsində də bu formada öz əksini tapdı: "Türk Dövlətləri Təşkilatının dövlət başçıları... Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi qismində Türk Dövlətləri Təşkilatına dəyərli töhfələrini alqışlayırlar".
Bəyannamədəki bu bəndi Avropa İttifaqının rəhbər şəxsləri narazılıqla qarşıladı və Macarıstan üzərindən bu addımı qınadılar. Çünki, onların fikrincə, Macarıstan Avropa İttifaqının üzvü olaraq Aİ-nin, eləcə də, İttifaqda təmsil olunan Yunanıstanın və Cənubi Kipr Respublikasının (yunan Kiprinin -red.) mövqeyini nəzərə almalıydı. Ancaq Macarıstanın bu addımını da Şimali Kipr Türk Cümhuriyyətini tanıtmaq cəhdi hesab etdilər. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə, eləcə də, Türkmənistan bu bəyannaməyə imza atdılar. Beləliklə, Türkiyədən sonra daha 6 dövlət Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini tanıya bilər. Avropa İttifaqı bunu qərəzlə və qəzəblə də olsa, Şimali Kipr Türk Cümhuriyyətinin rəsmən tanınmasına doğru addım kimi dəqiq qiymətləndirdi. Buna əsaslanaraq Türkiyə dünyaya Şimali Kiprin beynəlxalq hüququn subyekti kimi tanıması üçün çağırış etdi. Türkiyənin əvvəlki hökumətləri ölkənin Avropa İttifaqına üzvlük gözləntisi ilə bu addımı atmaqdan çəkinirdilər. Amma Ərdoğan üzvlük məsələsində topu Avropa İttifaqının öz meydançasına atdı. Sual da aydındır: Kiprin yunan hissəsini müstəqil dövlət kimi tanıyıb, Yunanıstanla bərabər Avropa İttifaqına qəbul edən siyasi iradə Şimali Kipr Türk Cümhuriyyətinə münasibətdə ən azı rəsmən tanıma qərarını niyə verməsin?!
Bundan başqa Türkiyə NATO-da mühüm dövlətlərdən biri olduğu halda, ABŞ və Avropa İttifaqı Yunanıstanı Türkiyəyə qarşı silahlandırır və dəstəkləyir. Şərqi Aralıq dənizində Qərbin bəzi dövlətləri Yunanıstanın yanında yer alıb. Fransa ilə Britaniya arasındakı "mehriban düşmənçilik" Aralıq dənizinə də sıçrayıb, Cənubi Qafqaza qədər uzanıb. Hər iki geosiyasi rəqabət ocağı Azərbaycanı və Türkiyəni yaxından ilgiləndirir. Türk Dövlətləri Təşkilatının son Şuşa zirvəsindən sonra Türkiyə arxasında Türk dünyası kimi geopolitik gücü hiss edərək Şimali Kipr Türk Cümhuriyyətinin tanınması üçün müraciət edib. Bu, həm də Yunanıstanın Şərqi Aralıq dənizi bölgəsində avantürist hərəkətlərinə Türkiyənin cavabı oldu. Türkiyə-Suriya münasibətlərinin normallaşması cəhdlərinə də bu kontekstdə baxmaq lazımdır. Azərbaycan Türkiyə ilə ən yaxın, sabitqədəm strateji müttəfiq dövlət olaraq, öz siyasətini bu yöndə qurub və ardıcıl olaraq aparır. Türk Dövlətləri Təşkilatı isə bir təşkilat olaraq, bu tanınma prosesinin əsas lokomotivi, ilkin platforması kimi öz rolunu oynayır.
Yarım əsrdir ki, "Kipr problemi" adlı mövzu ətrafında danışıqlar gedir. Heç bir real və ədalətli nəticə yoxdur. Dünya dövlətləri üçün Kipr adlı problem varsa, bunu həll etməyin yolu da Şimali Kipr Türk Cümhuriyyətini müstəqil dövlət olaraq tanımaqdan keçir. Şimali Kipr Türk Cümhuriyyət tanınsa, ortada problem qalmaz. Ortada bir problem varsa, bu da danışıqlar adı altında hazırkı status-kvonun süni olaraq uzadılmasıdır.
Bahəddin HəziBahəddin Həzi, Bizimyol.info






