Türkiyə sosial-iqtisadi baxımdan sabit günlərini yaşamır. İllik inflyasiya 50 faizdən yüksək olur. Qiymətlər dayanmadan artır. Az-çox lirə dəyər itirməməyə çalışır. Ümumilikdə, vəziyyət yaxşılığa doğru getmir. Qardaş ölkədə turizmə bəslənən ümidlər də özünü doğrultmur. Bu yay xüsusilə Bodrumda az turist gözə dəyir. Qiymətlərin çox yüksək olması özünü göstərir. Mənzil bazarında isə geriləmə daha nəzərəçarpan görünür.
Bizimyol.info xəbər verir ki, Türkiyədə mənzil alanların sayı azalıb. Türkiyə Statistika Qurumunun məkumatına görə, iyunda 1440 əcnəbi bu ölkədə ev sahibi olub. Ümumilikdə, ilin ilk yarısında say 10 min 548-ə çatıb. Aşkar azalma var. 2023-cü ilin birinci yarısı ilə müqayisədə fərqi daha aydın görmək mümkündür. Keçən ilin ilk 6 ayında Türkiyədə xarici ölkə vətəndaşlarına 20 minə yaxın mənzil satılmışdı.
Əvvəlki illərlə müqayisə daha fərqli mənzərə ortaya qoyur. Məsələn, 2019-cu ildə əcnəbilərə satılan mənzillərin sayı 44 minə çatmışdı. Düzdür, onda lirə hələ təzə ciddi dəyər itirdiyindən, böyük sıçrayış qeydə alınmışdı. Yəni bir il əvvəllə müqayisədə say 1,7 dəfə artmışdı. Bir ay ərzində təkcə Rusiya vətəndaşlarına 400-dən çox mənzil satılırdı. İran, Səudiyyə Ərəbistanı, Azərbaycan vətəndaşlarının bu istiqamətdə fəallığı da öz yerində.
Azərbaycanlılar xüsusilə pandemiyadan sonra Türkiyədə çox böyük imkanlar ortaya qoya bilmir. Ölkədə sosial vəziyyətin pisləşməsi, pul kütləsinin azalması qardaş dövlətdə daşınmaz əmlak bazarındakı davranışa da təsir göstərib. Hər il sayda azalma qeydə alınır. Keçən il azərbaycanlılar Türkiyədə 800 civarında mənzil almışdı. 2023-cü ilin ilk yarısında say 395 olmuşdu. Halbuki sayın 1000-i keçdiyi dövrlər olub. Bu ilin birinci yarısında isə 339 müqavilə imzalanıb.
Ümumiyyətlə, Azərbaycan vətəndaşlarının həm ölkədən xaricdə, həm də vətəndə mənzil almaq imkanları məhdudlaşıb. Bizdə qiymətlər çox yüksəkdir, fəallıq isə aşağı. Əmək miqrasiyasını seçənlər heç də getdikləri ölkədə möhkəmlənə bilmirlər. Rusiyada, ümumiyyətlə, slavyan ölkələrində sabitlik pozulub. Türkiyədə işləmək əvvəlki qədər cəlbedici görünmür. Azərbaycan vətəndaşları son vaxtlar daha çox Polşaya üz tuturlar. Orada da mənzil sahibi olmaq asan görünmür. Ölkədə sosial-iqtisadi vəziyyətin pisləşməsi azərbaycanlılar üçün bütün daşınmaz əmlak bazarlarında sözünü deyir.
Aytən, Bizimyol.info






