ABŞ-dan olan tədqiqatçılar müəyyən ediblər ki, Yerdən təxminən 64 işıq ili uzaqlıqda olan ekzoplanetin atmosferində aşkar edilən hidrogen sulfid səbəbindən bu planet "çürük yumurta" qoxusu yayır.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, ABŞ-ın Cons Hopkins Universitetinin tədqiqatçıları Ceyms Uebb Kosmik Teleskopunun məlumatları əsasında "HD 189733 b" adlı ekzoplanetin atmosferini tədqiq ediblər.
Tədqiqatçılar Yerdən təqribən 64 işıq ili uzaqlıqda olan bu ekzoplanetin atmosferində yüksək miqdarda hidrogen sulfid aşkar ediblər və ekzoplanetin bu molekula görə “çürük yumurta kimi” qoxuya biləcəyini qeyd ediblər.
Tədqiqatçılardan biri olan astrofizik Guangvey Fu, verdiyi açıqlamada, təxminən 950 dərəcə Selsi temperaturu olan bu planetdə həyat əlamətləri axtarmadıqlarını, lakin atmosferdə tapılan hidrogen sulfidinin bu molekulun digər planetlərdə aşkarlanması istiqamətində bir addım ola biləcəyini ifadə edib.
Araşdırmanın digər planetlərin əmələ gəlməsi ilə bağlı fikir əldə etməkdə rol oynaya biləcəyini ifadə edən Fu, kükürdün karbon, azot və oksigen kimi kompleks molekulların meydana gəlməsində əhəmiyyətli olduğunu qeyd edib.
Hidrogen sulfidin çürük yumurtaya bənzəyən pis qoxu yaydığı bilinir.
Araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunub.
Qadir, Bizimyol.info






