Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrell bildirib ki, Macarıstanın baş naziri Viktor Orban Aİ adından Türk Dövlətləri Təşkilatının sammitində iştirak etmək üçün mandat almayıb. Tədbir zamanı Macarıstanın baş naziri bu assosiasiyanı Qərblə Şərq arasında əməkdaşlıq üçün vacib adlandırıb. Borrell "X" hesabında yazıb: “Avropa İttifaqı Kipr türklərinin separatçı qurumunu legitimləşdirmək cəhdlərini rədd edir və yalnız Kipr Respublikasını tanıyır”.
Jozef Borrellin bu fikirlərindən sonra Avropa İttifaqı tərəfindən Macarıstanı hansı formada "cəza" gözləyir?
Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bir neçə gün öncə Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşü baş tutub. Bu təşkilatın yeni dünya nizamında özünəməxsus yer tutacağı artıq qəbul edilir və bu istiqamətdə də Azərbaycan və Türkiyə bundan irəli gələn məsələləri uğurla həyata keçirirlər.
Məhəmməd Əsədullazadə“Cənab prezident İlham Əliyev də çıxışında Türk Dövlətləri Təşkilatının güclənəcəyini və siyasi, iqtisadi təşkilat kimi dünyanın aparıcı təşkilatı olacağını qeyd etdi. Əlbəttə ki, bundan narahat olan beynəlxalq güclər var. Avropa İttifaqının xarici məsələlər üzrə nümayəndəsi Jozef Borrellin bu açıqlaması Türk Dövlətləri Təşkilatının böyüməsinə qısqanclığıdır. Burada Şimali Kipr Türk Cümhuriyyətinin təmsil olunması, Türk dövlətlərinin siyasi iradəsindən irəli gəlir. Bu dövlətlər Şimali Kipr Türk Cümhuriyyətinin "dövlət"ini dəvət ediblər. Avropa İttifaqı bu məsələlərə qarışa bilməz. Nəzərə alaq ki, Avropa ittifaqı da özü bir təşkilatdır”-deyən politoloq vurğulayıb ki, Macarıstan baş naziri Viktor Orban tədbirdə iştirak etməklə, Avropa İttifaqını təmsil etmirdi. Viktor Orban tədbirdə sadəcə Macarıstanı təmsil edirdi.
“Azərbaycan və digər Türk dövlətləri də bunu qəbul edir. Bu, əlbəttə ki, anlaşılmazlıqdır. Borrell də bunu bilməyib. Sadəcə olaraq, bu açıqlama qərəzli və ikili standartlardan irəli gəlir”-deyən politoloq təəssüflə qeyd edib ki, Türk Dövlətləri Təşkilatının Sammitində Türkmənistan iştirak etməyib.
Məhəmməd Əsədullazadənin sözlərinə görə,bu ölkələr Qərb ilə Şərq arasında yerləşir. Əsas nəqliyyat üzrə kommunikasiya əlaqələri məhz Türk Dövlətləri Təşkilatının üzərindən olacaq. Politoloq hesab edir ki, Azərbaycan bu təşkilatın inkişafı istiqamətində mühüm işlər görəcək.
İradə Cəlil, Bizimyol.info






