Türkiyədə inflyasiya səviyyəsi azalmağa meylli olsa da, hazırda təxminən 71% olan inflyasiya dünyanın ən yüksək göstəricilərindən biridir.
Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türkiyə inflyasiya və işsizliyin cəmindən ibarət “yoxsulluq” indeksində mənfi göstərici ilə dünyanın 10 ölkəsindən biridir. Yüksək inflyasiya pulun alıcılıq qabiliyyətini aşağı saldığı üçün xüsusilə sabit gəlir əldə edənlər üçün zərərlidir. Digər tərəfdən, məqbul inflyasiya dərəcəsi kimi ifadə edilən 1-3%-dən yuxarı inflyasiyanın olması gələcəyə dair qeyri-müəyyənliyi artırdığından həm yerli investorlar investisiya qoymaqdan qaçır, həm də xarici investorlar ölkəyə gəlmir.
Kərəm QarabuludProfessor bildirib ki, Türkiyədə inflyasiyanın yüksək olaraq qalmasının müxtəlif səbəbləri var.
“Bunlardan biri də odur ki, dünya iqtisadiyyatı 2008-ci il ipoteka böhranından sonra tam sabitliyə nail ola bilməyib. Yəni dünya iqtisadiyyatının qeyri-sabit kursunun Türkiyəyə əks olunmasıdır. Digər səbəb 2018-ci ildə başlayan və 2020-ci il pandemiya prosesi ilə dərinləşən iqtisadi böhrandır. Xüsusilə Türkiyədə, bütün dünyada olduğu kimi pandemiya dövründə istehsal qeyri-kafi olmuş və pul çapı səbəbindən inflyasiya səviyyəsi yüksəlmişdir. Digər səbəb isə odur ki, Türkiyə istehsalının və ixracının təxminən 70%-də xarici dünyadan asılı olduğundan hər məzənnə artımı inflyasiyanın artmasına səbəb olur”-deyən Kərəm Qarabulud bildirib ki, bu proses və Suriyadakı qeyri-sabitlik kimi regional inkişaflar bəzi insanların xaricə getməsinə səbəb ola bilər.
"Türkiyədə inflyasiyanın qarşısını almaq üçün ilk növbədə istehsalın artırılmasına dəstək verilməli və hasilatı xaricə asılı strukturdan xilas etmək lazımdır. Digər tərəfdən, Türkiyənin Bəşər Əsədlə görüşə biləcəyinə dair siqnallar verməsi də regional sabitlik üçün müsbət hal sayıla bilər. Bundan əlavə, yüksək əlavə dəyərə malik texnoloji istehsal uzunmüddətli perspektivdə artırıla bilsə, Türkiyədə inflyasiya kimi mənfi iqtisadi göstəricilərin qarşısı alına bilər"-deyən Kərəm Qarabulud vurğulayıb ki, eyni zamanda Türkiyədə hüquq sistemini daha ədalətli etmək və siyasi gərginliklərdən qaçınmaq kimi təcrübələr inflyasiyaya inam və sabitliyə müsbət töhfələr verməklə, xarici investisiyaları cəlb etməklə, inflyasiyanın azalmasını sürətləndirə və artıma səbəb ola bilər.
İradə Cəlil, Bizimyol.info






