Dediyimiz kimi: ADA Universitetində xarici siyasi ekspertlərin, politoloqların, nüfuzlu "beyin mərkəzləri" rəhbərlərinin qatıldığı dünənki forumda çox açıq və geniş söhbət oldu. Regiondakı mürəkkəb geopolitik vəziyyət detallı təhlil edildi. Prezident İlham Əliyevin ətraflı analizində bir çox məsələlərə toxunuldu. Xüsusilə, ayrıca başlıq kimi Azərbaycanla Ermənistan arasında sülh perspektivinə dair maraqlı mesajlar vardı. Biz onların yalnız bir neçəsini təhlil etməyə çalışacağıq.
Bu mesjlardan başlıca olanlar nə idi? Prezident nəyi düz demədi ki?!
Hamısını necə varsa, elə izah etdi...
Bəli, bəzi suallar vardı. Bu sualları birbaşa, yaxud dolayısı ilə Prezidentə də verirdilər. Məsələn, soruşanlar vardı ki, Azərbaycan dövlətinin rəhbəri niyə Qranadaya getmədi? Niyə Fransa danışıqlar prosesindən kənarda qalıb və ya kənarda qoyulub?
Əslində, Azərbaycan Prezidenti bu suala o sualın elə öz vaxtında cavab vermişdi. Bu forumda da dövlət başçısı İlham Əliyev bir az daha geniş və təfərrüatlı danışdı, ətraflı şərh etdi. Bundan sonra xüsusi qərəzi olmayanlarda sual qalmamalıdır.
Məsələnin mahiyyəti budur: Fransa prezidenti Emmanuel Makronun, Almaniya kansleri Olaf Şoltsun, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin, eləcə də, Azərbaycan prezidentinin, Ermənistan baş nazirinin iştirakı ilə İspaniyanın Qranada şəhərində görüş olacaqdı. Azərbaycan da bu görüşə hazırlaşmışdı. Prezident İlham Əliyev Qranadaya gedəcəkdi.
Qəflətən prezident Makron vasitəçilik missiyasının məntiqinə, ümumiyyətlə, dövlətlərarası münasibətlərin hamılıqla qəbul olunmuş etiketinə zidd bəyanatla çıxış elədi. Açıq şəkildə Ermənistanın tərəfini tutdu. Faktik olaraq, Azərbaycan dövlətinə belə bir mesaj verdi: "Görüşə Ermənistanın şərtlərini qəbul etmək üçün hazırlıqlı gəlin".
Azərbaycan prezidenti də buna adekvat reaksiya verdi: vasitəçi neytral mövqedə olmalıdır. Tərəflərdən heç birinin tərəfini tutmamalıdır. Əks halda, vasitəçi kimi etimadını itirmiş olur. Əgər danışıq aparan dövlətlərdən birinin etimadını itirirsə, vasitəçiliyi oradaca bitir. Azərbaycan dedi ki, Fransa artıq vasitəçi olmadığına görə, onun olduğu danışıqlar masasına getməyə lüzum qalmır. Əgər tərəflərdən birinin mövqeyini birmənalı bölüşən və dəstəkləyən dövlət vasitəçi olursa, o zaman masada Türkiyə də olacaq. Ancaq avropalılar və təbii ki, Ermənistan Türkiyənin prosesdə iştirakına razı deyillər.
Bir sözlə: "Azərbaycan Fransanı danışıqlardan kənarlaşdırdı" deyə nida cümlələri quranlar ya qərəzlidirlər, ya da hədsiz qərəzlidirlər. "Məlumatsızdırlar" deyə bilmərik, çünki bu məsələ ilə bağlı ən yüksəkdən başlamış bütün yüksək, mötəbər rəsmi səviyyələrdə gərəkli açıqlamalar verilib və bir daha da ölkənin birinci şəxsinin dilindən bütün təfərrüatı ilə səsləndi bu məlumatlar. Eynisi, ABŞ-a da aiddir; sülh prosesindəki tərəflərdən birini açıq və birmənalı olaraq dəstəkləyən kimsə, vasitəçilik missiyasını daşıya bilməz. Bu qədər açıq və net!
Sülhün perspektivinə gəlincə, Prezident Əliyev burada çətinliyin qarşı tərəfdən və onun arxasında dayananlardan qaynaqlandığını dilə gətirdi. Bu, necə bir sülhə dəstək anlayışıdır ki, Hindistan və Fransa Ermənistanı silahlandırır?! Prezidentin onlara mesajı sarkazm janrındaydı: "Dincəlsinlər, öz gözəl paytaxtlarında istirahət etsinlər".
Azərbaycanın Ermənistandan istədiyi açıq, aydın və başlıcası, haqlı, əsaslı şeylərdir. Prezident dedi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü şifahi bəyanatlarla yox, imzası ilə təsdiq etsin. Düz demədimi?! Əlbəttə, haqlıydı. Ümumiyyətlə, BMT-nin üzvü olan bütün dövlətlərin rəsmən - sənədli-sübutlu tanıdığını Ermənistan niyə tanımasın ki?! Həmin Fransa özü də Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Tanınmamış, qondarma keçmiş, prezidentin obrazlı ironik, ancaq dəqiq ifadəsi ilə desək, batmış "DQR" adlı köhnə "bayatı"ya yeni "can" vermək istəyənlər varsa, unutmasınlar: heç özləri bu xuntanı tanımırdılar, Ermənistan özü belə tanımamışdı, üstəlik, o xuntanın "başçısı" öz imzası ilə onsuz da qondarma olan qurumu buraxıbsa, indi, Anadolu türkləri demiş: "bu, nəyin kafası?!"
Ermənistan istəyirmiş ki, müqavilədə Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi haqqında xüsusi müddəalar olsun. Bu, normal ağlın məhsulu deyil. Əgər erməniəsilli şəxslər öz evlərinə qayıtmaq istəyəcəksə, Azərbaycan vətəndaşlığını qəbul etmədən qayıda bilməz. Vətəndaşlığı qəbul edənin hüquqları və təhlükəsizliyi isə Azərbaycan Konstitusiyası və qanunları ilə qorunur. Bu, xüsusi olaraq erməniəsilli insanlara aid deyil, ölkənin bütün vətəndaşlarına aiddir. Rusiyada yaşayan xalqların Azərbaycanda soydaşları var. Məgər rus, tatar, avar, ləzgi və sair milliyyətlərinə mənsub olan Azərbaycan vətəndaşlarının hüquqları və təhlükəsizliyi üçün Azərbaycanla Rusiya arasında ayrıca müqavilə var. Yoxsa biz Rusiyadan, İrandan, Gürcüstandan belə tələblərdə bulunmuşuq?! Xeyr! Hər insan milliyyətindən asılı olmayaraq vətəndaşı olduğu dövlətin qanunları ilə yaşayır, qorunur. Qərbli sponsorları İrəvandakı siyasətçiləri yanlış yönləndirir, xəbərləri olsun.
Amma yox, Ermənistan o sponsorların diqtəsilə qəbuledilməz tələb irəli sürəcəksə, Azərbaycanın da buna qarşılıq tələbi var: Ermənistandan deportasiya olunmuş yüzminlərlə azərbaycanlı da eynilə qayıdıb öz dədə-baba torpaqlarında yaşasın. Ermənistan onların hüquqlarının və təhlükəsizliyinin qorunacağını imzası ilə təsdiq etsin. Prezident Əliyev bunu da düz deməmişmi?! Şübhəsiz, doğru demiş.
Daha bir sual: Azərbaycan niyə Avropa İttifaqı ilə inteqrasiyaya can atmır?
Prezident bu suala da cavab verdi. Dedi ki, Azərbaycanı onsuz da Avropa İttifaqına qəbul etməyəcəklər: "Səbəbi də məlumdur". Prezidentin eyham vurduğu bu səbəb ölkə əhalisinin mütləq çoxluğunun dini mənsubiyyəti ilə bağlıdır. Elə olmasaydı, Türkiyəni Avropa İttifaqına çoxdan qəbul etmişdilər. Rəsmi Bakı bu məsələyə də praqmatik yanaşır; əgər Avropa İttifaqında heç kim Azərbaycanı orda görmək istəmirsə, ora müraciət edib "özümüzü biabır etmək" lazım deyil. Bu, daxili vəziyyətlə bağlı deyil. Ona qalsa, gərək Fransanı çoxdan Avropa İttifaqından qovaydılar; hökumətə etiraz edən vətəndaşları öldürmək dərəcəsində qəddarlıq nümayiş olunur.
Avropa İttifaqı öz daxilində nəinki əhalisinin çoxunun müsəlman olduğu ölkəni görmək istəmir, hətta əhalisinin bir hissəsi ərazisinin bir hissəsində kompakt yaşayan müsəlmanlardırsa, yenə də qəbul etmir. Sizcə, ABŞ və Avropanın əksər ölkələri, xüsusilə, Fransa və Almaniya kimi aparıcı Avropa dövlətləri Serbiyadan ayrılmaqla öz müstəqilliyini elan etmiş Kosovanı niyə dərhal tanıdılar?! Ona görə ki, Serbiyanı Rusiyanın əlindən alıb Avropa İttifaqına qoşmaq istəmişdilər. Bu məqsədə görə, Serbiyanı parçalamaqdan belə çəkinmədilər. İstəmədilər ki, Serbiyanı tərkibində bütöv və böyük bir əyalətdə kompakt yaşayan bu qədər passionar müsəlman Avropa vətəndaşı olsun. Buna imkan vermədilər. Belə bir zehniyyət Azərbaycanı Avropa İttifaqında görmək istəyər?! Yox! Prezident də bunu dedi. Və əlavə də etdi: Azərbaycanın xarici ticarətinin yarısı Avropa İttifaqının payına düşür. Avropa İttifaqına üzv olan 9 dövlətlə strateji tərəfdaşlıq müqaviləsi var. İnteqrasiya daha necə olacaq ki?! Ən doğrusu, Avropa İttifaqı ilə ikitərəfli münasibətlər formatında saziş bağlamaqdır ki, Azərbaycan da bu yolla gedir. Bunu da Prezident Əliyev elə bu cür - olduğu kimi açıq və aydın şərh etdi. Doğruydumu?! Bəli! Hələ Ukraynanı, Gürcüstanı, Moldovanı qəbul etsinlər, Azərbaycana heç lazım da deyil. Ukrayna Fransa və Almaniya çapında bir Avropa dövləti olmağa qadir, potensialı yüksək bir dövlət idi, "Avropa! Avropa!" deyə-deyə qaldı. Və nə günə qaldı?! Ermənistan da həmin yolla gedirsə, indidən xalqına keçmiş olsun! Gürcüstan "Avropa! NATO!" deyə-deyə öz ərazi bütövlüyünü itirdi, Azərbaycan bunu demədi, ancaq öz ərazi bütövlüyünü bərpa etdi. "Amerika" deyə-deyə yuxuya gedib "Avropa İttifaqı" çığırtıları ilə oyanan yerli geosiyasi diletantizmə bundan daha açıq və tutarlı necə cavab vermək olar?!
Bahəddin HəziBahəddin Həzi, Bizimyol.info






