Türkiyə Baş Prokurorluğu Daxili İşlər Nazirliyinin binası yaxınlığında törədilən terror aktı ilə bağlı araşdırmalara başlayıb.
Bu barədə prokurorluğun açıqlamasında bildirilir.
Bundan əlavə, Ankaranın cinayət məhkəməsi mediaya yayım qadağası tətbiq etmək qərarına gəlib. Qadağa istintaqa xələl gətirə biləcək və ya ictimai iğtişaşlara səbəb ola biləcək məlumatların mediada dərcinə şamil edilir.
Qeyd edək ki, bu gün səhər saatlarında iki terrorçu Daxili İşlər Nazirliyinin binası yaxınlığında partlayıcını işə salıb. Qısamüddətli atışmadan sonra terrorçulardan biri zərərsizləşdirilib. Hadisə nəticəsində iki polis əməkdaşı xəsarət alıb.
11:51
Ankarada Türkiyə Daxili İşlər Nazirliyinin binası yaxınlığında terror aktı törədilib, iki polis yaralanıb.
Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.
O qeyd edib ki, terrorçulardan biri özünü partladıb, digəri isə zərərsizləşdirilib.
11:25
Bu gün səhər saatlarında Daxili İşlər Nazirliyimizin Mühafizə Baş İdarəsinin giriş qapısının qarşısında iki terrorçu bombalı hücum həyata keçirib.
Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.
Məlumata görə, hadisə zamanı 2 polis xəsarət alıb.
Partlayışdan əvvəl 4 atəş səsinin eşidildiyi bildirilir.
11:10
Türkiyənin paytaxtı Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında partlayış baş verib, yaralı var.
Hadisə yerinə çoxlu sayda polis və həkim briqadası gəlib.
Partlayışdan əvvəl atışma olduğu barədə məlumat yayılıb.
Ərazidə avtomobillərin hərəkəti məhdudlaşdırılıb. (Report.az)






