Nikol Paşinyan yenə də "Twitter"ə sarılıb. Yazır ki, Qarabağa göndərilən yüklər "həyati əhəmiyyətlidir". Bir az da irəli gedib və deyib ki, Bakı yükləri Laçın yolundan buraxmasa, onda Qarabağda soyqırım haqqında deyilənlər düz olacaq.
Eşitmişdik ki, insan axmaqlığının sonu yoxdur. Bunu Ermənistan rəhbərlərinin simasında əvvəl də çox görmüşdük. Ancaq həyasızlıq potensialları da tükənməz imiş.
İlahi, bu qədər həyasızlıq, üzsüzlük, vay-şüvənçilik bunlarda hardandır?! Deyir, soyqırım. Nəyi özləri törədibsə, bizim adımıza yazmağa çalışırlar. 44 günlük savaşdan sonra Azərbaycan əsgərləri sərhəddə yerləşəndə bunu "Ermənistana təcavüz" adlandıracaq qədər həyasızlaşdılar. İndi də "soyqırım". Özləri Xocalıda etdiklərini bizə yaraşdırırlar. Bunu yaxşı bacarırlar axı.
Üstəlik, hələ əvvəlki döyüşlərdə çox işlətdikləri əməl var: girov götürmək. 90-ların əvvəlində girov götürdükləri minlərlə azərbaycanlı əsir və girovdan hələ də xəbər yoxdur. İndi özləri öz millətindən olanları girov götürüblər. Ağdam-Xankəndi yolundan imtina etməyin bundan başqa bir adı yoxdur.
Ermənistanın rəhbərləri, Qarabağdakı xunta başçıları öz məqsədləri üçün Qarabağdakı erməniləri girov götürüblər. Nə də olmasa, yaxşı bacardıqları işdir.
Əqrəb qaranlıqda ova çıxar, alov haləsinə düşəndə - çıxılmaz vəziyyətdə özü özünü sancar. Bax, bunlarınkı həmin misaldır. Halə daralır, Azərbaycana reinteqrasiyadan başqa yol yoxdur. Ona görə Laçın yoluna "dəhliz" deyib durublar. Ağdam yoluna düşsələr, bu, reinteqrasiyanın başlanğıcı deməkdir. Buna görə də iki yol arasında vurnuxurlar.
Bircə doğru yol var. Nə qədər tez anlasalar, o qədər yaxşıdır. Heç bir terrorçu öz girovunu əbədi girov saxlaya bilməyib hələ...
Seyid Əhmədli, Bizimyol.info






