Tətbiq istifadəyə verildikdən sonra Zukerberq tez-tez platformaya neçə nəfərin qoşulduğunu paylaşdı və bununla bağlı həyəcanını ifadə etdi.
Çünki cəmi 5 gün ərzində tətbiqə 100 milyon istifadəçi qeydiyyatdan keçib. Bununla belə, yeni məlumat təhlilləri göstərdi ki, "Threads"-in faktiki istifadəçi nisbəti gözlənilən qədər yüksək deyil.
Zukerberq "Threads"i İnstaqramın spinoffu kimi təqdim etməyi seçdi. "Instagram" istifadəçiləri iyulun 6-da tətbiqlər mağazasında yerləşdirilən "Threads"-ə qeydiyyatdan keçməyə dəvət olunublar. "Threads"-dən tamamilə çıxmağın yeganə yolu istifadəçinin "Instagram" hesabını silməkdir. Eyni zamanda 'Threads'-də qeydiyyatdan keçən istifadəçilər "Instagram"-da artıq izlədikləri insanları toplu olaraq əlavə edə bilərlər.
Bu xüsusiyyətlər çoxlu sayda istifadəçinin qısa müddətdə proqrama qeydiyyatdan keçməsinə şərait yaratdı. Məlumatlara görə, ilk həftə ərzində "Threads" dünya üzrə 150 milyon yüklənməyə çatıb. Onların 33 faizi hindistanlı, 22 faizi isə braziliyalı istifadəçilərdir. Yükləmələrin yalnız 16 faizi ABŞ, 8 faizi ilə Meksika və 5 faizi ilə Yaponiyanın payına düşüb. Lakin "SensorTower"-dan verilən məlumatlara görə, eyni müddət ərzində "Threads"-in gündəlik aktiv istifadəçiləri 40 faiz azalıb. Bir istifadəçinin tətbiqdə sərf etdiyi orta gündəlik vaxt da 4 dəfə azalıb.
Müvafiq olaraq, istifadəçilərin yalnız 16 faizi proqramı endirdikdən sonra 7-ci gündə daxil olub. Həmçinin, həmin həftə sonu "Threads"-ə sərf olunan vaxt iyulun 6-dakı pikdən 60 faiz az idi. "SensorTower" analitikləri Abraham Yosef və Sima Şah, "Threads"-də aktivliyin hətta iyulun 6-da instaqramdan 85 faiz, tvitterdən isə 60 faiz aşağı olduğunu söyləyib. Əlavə məlumatlar göstərir ki, hər bir istifadəçiyə düşən "Threads" istifadəsi başlanğıcda gündə 20 dəqiqədən birinci həftənin sonunda cəmi 5 dəqiqəyə enib.
Bu arada, "Twitter" və "Instagram"-da sərf olunan vaxt müvafiq olaraq 30 və 60 dəqiqədə sabit qalıb. Rəqəmsal məlumat və analitik şirkət "Similarweb"-in məlumatları oxşar tendensiyaları göstərir. Belə ki, platformanın Android məlumatlarını təhlil edən firma 7-10 iyul tarixləri arasında gündəlik aktiv istifadəçilərin sayının 25 faizdən çox azaldığını bildirib. Zukerberq "Threads"-ın " daha səmimi və dostluq məkanı" olacağını söyləyib.
Bununla belə, analitiklərin fikrincə, artıq "Facebook" və "Instagram"-da tətbiq olunan avtosenzura "Threads"-də də öz əksini tapıb.
İstifadəçilər postlarına görə platformadan qovulsalar, instaqram hesablarını itirəcəklərindən qorxurdular. Çünki tətbiqin instaqram inteqrasiyası "Twitter"-in can damarı olan anonim hesablara icazə vermir.
Mətin Şükürlü, Bizimyol.info






