Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə sanksiyaya məruz qalan malların Rusiyaya keçməsini əngəlləməyə başlayıb
Türkiyə sanksiyaya məruz qalan malların Rusiyaya keçməsini əngəlləməyə başlayıb

Rusiya logistika bazarının iştirakçıları Türkiyə gömrük sisteminin sanksiyalara məruz qalan malların Rusiyaya tranzitinin rəsmiləşdirilməsinə mane olduğunu bildirir. Onların sözlərinə görə, məhz paralel idxal sxemi ilə ölkəyə gətirilən malların tranzitində problemlər yaranıb.

Bizimyol.info xəbər verir ki, Türkiyə Rusiyaya yüklərin keçməsinə imkan vermir. Logistika bazarının iştirakçıları yerli mətbuata açıqlamalarında aşkar qadağa müşahidə olunduğunu dilə gətiriblər.

“Optimaloq” şirkətinin baş direktoru Georgi Vlastopulo ciddi çətinliklə üzləşdiklərini deyir: “Elə dünən biz agentlərdən əvvəlcədən razılaşdırılmış uçuş sifarişlərinin ləğv edildiyi barədə bildirişlər almağa başladıq. Dedilər ki, buna səbəb Türkiyədən tranzit keçən malların artıq Rusiyaya göndərilməməsidir”.

“Transasia Logistics”in kommersiya direktoru Valeriya Savenkova qeyd edib ki, bazar iştirakçıları bu məsələ ilə bağlı Türkiyə hakimiyyət orqanlarından rəsmi əmr və ya qərar gözləmirlər. Çünki belə olan halda Ankara bunun sanksiyaya məruz qalmış məhsulların Rusiyaya tədarükü ilə bağlı olduğunu etiraf etmək məcburiyyətində qalacaq.

Savenkova Rusiya mətbuatına müsahibəsində deyib ki, ölkədə tranzit təşkil etmək üçün texniki imkan martın 8-dən bağlanıb. Onun sözlərinə görə, qadağa ötən il ərzində Avropa İttifaqının tətbiq etdiyi sanksiyalar kateqoriyasına aid olan 10 minə yaxın məhsula təsir göstərib.

“Vəziyyətin yalnız Avropa İttifaqının 10 sanksiya paketində yer almış sanksiyaya məruz mallara aid olub-olmadığını, yoxsa söhbətin Rusiyaya gedən bütün mal qruplarından getdiyinin aydınlaşdırılmasını gözləyirik”.

“Optimaloq” iddia edir ki, qadağa kodundan asılı olmayaraq tranzit yüklərin bütün hava və avtomobil daşımalarına şamil edilir. Eyni zamanda, məhdudiyyət Türkiyədən yerli mənşəli malların idxalına təsir göstərmir.

“İndi dəyəri 3 milyard dollardan çox olan yüklər zərbə altında qalır. Bu elə 2022-ci ildə Türkiyə tranzit idxalının artımı qədər deməkdir”.

Rusiya mətbuatı sanksiya tətbiq edilən yüklərin tranzitinin dayandırılmasını ABŞ dövlət katibi Entoni Blinkenin fevralda Türkiyəyə səfəri ilə əlaqələndirir. Bundan əvvəl Vaşinqton Ukraynaya hərbi müdaxilədən sonra Rusiya və Belarusa qarşı tətbiq olunan sanksiyalardan yan keçməyə kömək etməyin nəticələri barədə Ankaraya dəfələrlə xəbərdarlıq etmişdi.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »