Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcra başçısı 3,3 milyonluq bazarı öz oğluna 40 manata necə verib
İcra başçısı 3,3 milyonluq bazarı öz oğluna 40 manata necə verib

Şəmkirin keçmiş icra başçısı, 2021-ci ilin aprelindən həbsdə olan Alimpaşa Məmmədovun məhkəməsi davam edir. Onun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyilə baxılır.

Bizimyol.info xəbər verir ki, dekabrın 16-da keçirilən məhkəmə iclasında “Ağstafasutikinti” ASC-nin müdiri Vaqif Məmmədov şahid qismində dindirilib. Cinayət işinin materiallarında yazılıb ki, Alimpaşa Məmmədov 2015-2016-cı illərdə icra hakimiyyətinin keçirdiyi satınalmaların qalibi olmuş “Ağstafasutikinti” ASC-nin müdiri Vaqif Məmmədovdan 218 min manat rüşvət alıb.

Vaqif Məmmədov həm də "Şəmkir bazarı"nın rəhbəridir. O bildirib ki, pulu icra başçısına onun köməkçisi Mahir Əliyev vasitəsilə çatdırıb.

Vaqif Məmmədov Şəmkirdəki ən böyük obyektlərdən olan "Şəmkir səbəti" haqda da danışıb. O bildirib ki, həmin ticarət mərkəzinin paylarının bir hissəsi rəsmi qaydada onun oğlu Orxan Məmmədliyə məxsusdur. Bir hissəsi isə keçmiş icra başçısının oğlu Adil Məmmədov və köməkçisi Mahir Əliyevə məxsusdur.

Cinayət işinin materiallarında yazılıb ki, Çinarlı bələdiyyəsinə məxsus “Çinarlı qəsəbə” MMC-nin 3 milyon 344 min manatlıq payları isə “Şəmkir səbəti” MMC-yə 40 manata satılıb. Bu şirkətin də rəsmi sahibləri keçmiş icra başçısının oğlu Adil Məmmədov, köməkçisi Mahir Əliyevdir.

Yəni dəyəri 3 milyon 344 milyon olduğu halda, satış cəmi 40 manata rəsmiləşdirilib.

Vaqif Məmmədov əlavə edib ki, o bazarın tikinti işlərinin 90 faizini onun şirkəti görmüşdü.

Sabiq icra başçısının məhkəməsi dekabrın 22-də davam edəcək.

2014-2021-ci illərdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı olmuş Alimpaşa Məmmədov 2021-ci il aprelin 29-da Şəmkirdə icra hakimiyyətinin binasında DTX keçirdiyi əməliyyat nəticəsində həbs edilib. O, icra başçısı vəzifəsindən öncə 3 il Bakı Şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb.

Onun həbsindən sonra özünün və yaxınlarının 10 milyondan çox dəyərdə əmlakı üzərinə həbs qoyulub. Onların arasında "Abad Şəmkir” MMC - qida məhsulları istehsal zavodu, “Az Farel” MMC - balıq yetişdirmə və emalı müəssisəsi və Bakıda mənzillər də var.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »