Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sədərək” sahibinin evindən 803 minlik oğurluq iddiası: xadimə onların özünü ittiham edir
“Sədərək” sahibinin evindən 803 minlik oğurluq iddiası: xadimə onların özünü ittiham edir

“Sədərək” ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin evindən 803 min manatlıq oğurluq ittihamıyla həmin evdə xadimə işləyən qadın həbs olunub. 1980-ci il təvəllüdlü Ruzan Cabbarova Yusif Qədimbəylinin evindən pul və qızıl-zinət əşyaları, həmçinin başqa əşyalar oğurlamaqda ittiham olunur.

Bizimyol.info xəbər verir ki, Ruzan Cabbarova 4 aydır ki, həbsdədir. Onun işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Cinayət işi üzrə zərərçəkmiş qismində “Sədərək”in sahibinin həyat yoldaşı Fəridə Qədimova və oğlu Orxan Qədimbəyli tanınıb.

Dekabrın 6-da bu iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə prosesinə hakim Səbinə Məmmədzadə sədrlik edir.

Məhkəməyə zərərçəkmişlər Fəridə Qədimova və Orxan Qədimbəylinin heç biri gəlməyib, onları vəkilləri təmsil edib.

Təqsirləndirilən Ruzan Cabbarova istintaqa ifadəsində özünü qismən təqsirli bildiyini deyib. O bildirib ki, ehtiyacı olduğuna görə oğurluq edib. Oğurladığını tam şəkildə geri qaytardığını deyən təqsirləndirilən şəxsin sözlərinə görə oğurlanan pul və əşyanın dəyəri zərərçəkmiş tərəfin iddia etdiyindən dəfələrlə az olub. Hamısı da geri qaytarılıb. Onun fikrincə, qarşı tərəf qisas almaq üçün ziyanın məbləğini şişirdir.

Dekabrın 5-də məhkəmədə Ruzan Cabbarovanın vəkili Günay İsmayılova müvəkkilinin himayəsində 11 yaşlı övladının olmasını əsas gətirərək, onun hökm çıxarılana qədər ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıb. Vəkil həmçinin müvəkkilinin məhkəmə iclaslarında şüşə qəfəsdə yox, müdafiəçisinin yanında əyləşməsinə icazə verilməsi haqda vəsatət qaldırıb. Lakin hakimlər vəsatətlərin heç birini təmin etməyib.

Vəkil Günay İsmayılova vəsatətləri əsaslandırarkən bildirib ki, Ruzan Cabbarovanın orta təhsili yoxdur, oxuyub-yaza bilmir, istintaq dövründə müdafiə hüququ pozulub. Ona görə də iş təkrar istintaqa qaytarılmalıdır. Lakin bu vəsatət də təmin olunmayıb.

“Sədərək” sahibinin evindən oğurluq iddiasıyla bağlı cinayət işi üzrə məhkəmə araşdırması dekabrın 20-də davam edəcək.

Ruzan Cabbarova Cinayət Məcəlləsinin 177.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsilə ittiham olunur. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »