Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Məni niyə cənab prezidentin gözündən salmalıdılar, sübut edəcəm ki, oğru deyiləm”
“Məni niyə cənab prezidentin gözündən salmalıdılar, sübut edəcəm ki, oğru deyiləm”

“Baku Steel Company” MMC - poladəritmə zavodunun keçmiş rəhbəri, 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun məhkəməsi başa çatmaq üzrədir. Artıq məhkəmə istintaqı yekunlaşıb, prokuror ona 15 il həbs cəzası verilməsini, həmçinin özü və yaxınlarının adlarına olan təxminən 70 milyon manatlıq əmlakın müsadirə olunmasını istəyib.

Bizimyol.info xəbər verir ki, noyabrın 28-də məhkəmə iclasında Rasim Məmmədovun vəkilləri müdafiə nitqilə çıxış etməli idilər. Lakin onun vəkilləri etiraz edib, məhkəmənin bir çox vacib məsələləri araşdırmadığını bildiriblər. Vəkillər vurğulayıb ki, həmin məsələlər araşdırılmadan istintaq başa çata bilməz. Vəsatət qaldırıblar ki, məhkəmə istintaqı yenilənsin.

Vəkillər bildirib ki, iş materiallarında iki flaşkart var, onlara baxış keçirilsə, “Baku Steel Company”dən pulların hara getdiyi məlum olar. Həmin flaşkartları istintaqa zavodun maliyyə direktoru olmuş Mübariz Yusifov təqdim edib. Bundan başqa, iş materiallarında Rasim Məmmədovun qeyd dəftərçəsi var və orada bir çox vacib məsələr öz əksini tapıb. Məsələn, 28 yanvarda həbs olunan Rasim Məmmədov hələ yanvarın 6-da qeyd dəftərçəsində yazıb ki, onu həbs eləmək istəyirlər. Həmçinin aylıq hara və nə qədər pul göndərdiyi də dəftərçədə əksini tapıb.

Rasim Məmmədov özü də narazılığını bildirib. Onun sözlərinə görə, istintaq altında olduğu 19 ay ərzində heç kim ondan heç nə soruşmadı, suallar vermədi ki, cavablandırsın. Məhkəmədə də təqdim etdiyi sənədlər, vəsatətlər qəbul olunmadı: “Prokuror deyir ki, guya mən 185 milyon manat pul mənimsəmişəm. Siz təsəvvür edirsiniz o, nə qədər puldur? Bu mümkün deyil axı. Pulların hara getdiyi Mübarizin təqdim etdiyi flaşkartlarda var, niyə araşdırılmadı? Mən istintaq dövründə əmlaklarımı satıb, 22 milyon qaytarmışam. Amma niyə ödəmişəm, kimin borcunu qaytarmışam, hələ də mənə məlum deyil. Yazıblar ki, guya xarici satışdan 60 milyon manat qazanc əldə olunub. Bu rəqəmləri hardan götürüblər, bilinmir. Məni bu dərəcəyə gətirib çatdırmaqda məqsəd nədir? Məni niyə cənab prezidentin gözündən salmalıdılar? Tez-gec hər şey açılacaq. Sübut eləyəcəm ki, mən oğru deyiləm. Nə vaxtsa sənədlər ortaya çıxanda cənab prezident hər şeyi biləcək. Mən Azərbaycanın düşməni deyiləm. Vətən Müharibəsində, pandemiya dövründə - nə vaxt kömək lazım olub, eləmişəm. 185 milyon hanı, neyləmişəm onu, əgər olsaydı, verib canımı qurtarardım da. Vəsatətlərimizi, sənədlərimizi qəbul eləmirsiz, bəs mən günahsızlığımı necə sübut edim? Hər şeyim satılıb, özümə də 15 il həbs cəzası verilsin. Əcəb ədalətdir. Yaxşı ki, belə cəza yoxdur, yoxsa mənim dərimi soyub asardılar...”, - Rasim Məmmədov bildirib.

Məhkəmə istintaqının yenilənməsiylə bağlı vəsatət təmin olunmayıb.

Vəkil Zibeydə Sadıqova müdafiə tərəfinə çıxışa hazırlaşmaq üçün 2 həftə vaxt verilməsini, eləcə də məhkəmə iclas protokollarıyla tanış olmağa şərait yaradılmasını istəyib.

Məhkəmə vəkillərə bir həftə - dekabrın 5-nə qədər vaxt verib.

“Baku Steel Company”dən 185 milyonluq mənimsəmədə ittiham olunan Rasim 2021-ci ilin yanvarın 28-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.

Lakin Rasim Məmmədov özünü təqsirli bilmir, ittihamın uydurma olduğunu deyir. Onun sözlərinə görə, öz pulu ilə aldığı zavodun vəsaitlərini mənimsəməkdə ittiham olunması absurddur.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »